BAKI, 6 noyabr. TELEQRAF
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyə xərclərinə 2 milyard 82,6 milyon manat ayrılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Növbəti il səhiyyə xərclərinin dövlət büdcəsinin tərkibində xüsusi çəkisi 4,9% təşkil edəcək.
Səhiyyə Nazirliyinə 293 milyon manat ayrılması nəzərdə tutulur. Bu da 2026-cı illə müqayisədə 19,2 milyon manat və ya 7,0 faiz çoxdur.
Həmin vəsaitdən ümumi təyinatlı və xüsusiləşdirilmiş xəstəxanaların, həmçinin mərkəzi laboratoriyaların saxlanılması, habelə xüsusiləşdirilmiş tibbi xidmətin göstərilməsinə 69,5 milyon manat, bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsinə 10,1 milyon manat, xəstəxanaya qədərki tibbi xidmətlərin göstərilməsinə 2,6 milyon manat, səhiyyə sahəsində digər fəaliyyət üzrə işlərin həyata keçirilməsinə 2,5 milyon manat, digər xərclər üçün (məhkəmə-tibb ekspertizalarının və s.) 151,6 milyon manat və sanitariya-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün 57,4 milyon manat vəsait yönəldiləcək.
Azərbaycan Respublikasının Xüsusi Tibbi Xidməti üçün qanunvericiliklə müəyyən edilən şəxslərin tibbi təminatının göstərilməsi məqsədilə 24,9 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2026-cı illə müqayisədə 6,1 milyon manat və ya 32,4 faiz çoxdur.