
BAKI, 11 mart. TELEQRAF
Mənzil İnşaatı Dövlət Agentliyi Yevlax şəhəri, R.Budaqov küçəsi 1 ünvanında 1,9 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili qaz təchizatı işləri ilə bağlı tender elanı verib.
Teleqraf xəbər verir ki, agentklik sahədaxili qaz təchizatı işlərinə 498 min 859,28 manat xərcləməyi planlayır.
Təkliflərin son təqdim olunma tarixi aprelin 14-dür.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi olan bu yaşayış kompleksi 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq ki, onlardan 14-nün studio tipli, 28-nin birotaqlı, 84-nün ikiotaqlı, 139-nun üçotaqlı, 64-nün dördotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi təqribən 43,10 - 43,46 m2, birotaqlı mənzillərin sahəsi 45,43 - 45,45 m2, ikiotaqlı mənzillərin sahəsi 58,57 - 86,63 m2, üçotaqlı mənzillərin sahəsi 73,93 - 98,06 m2, dördotaqlı mənzillərin sahəsi 102,38 - 129,15 m2 təşkil edəcək.