BAKI, 12 mart. TELEQRAF

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Türkiyə prezidentinin Cənubi Qafqaz üzrə müşaviri Akif Çağatay Kılıçla danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, Qrono bu barədə özünün "X" səhifəsində yazıb.

Maqdalena Qrono danışıqları müsbət qiymətləndirib.

“Ankaraya müsbət səfərimiz oldu. Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Gürcüstandakı böhran, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı məsələlərlə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görə türk tərəfdaşlarımıza minnətdaram”, - Aİ diplomatı vurğulayıb.

O qeyd edib ki, səfər zamanı Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçün faydalı ola biləcək regional əməkdaşlıq imkanları da müzakirə olunub.

“Artan qlobal çağırışlar kontekstində regional sabitliyi, təhlükəsizliyi və davamlı sülhü təşviq etmək üçün səyləri ikiqat artırmaq vacibdir”, - Qrono qeyd edib.