
BAKI, 12 mart. TELEQRAF
Ermənistanda parlament seçkiləri gələn bazar günü keçirilsəydi, respondentlərin 11,8 faizi Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasına səs verəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə erməni sosioloq Aram Navasardyan məlumat verib.
Mütəxəssis hakim partiyaya dəstəyin əvvəlki aylarla müqayisədə 0,5 faiz artdığını açıqlayıb.
Navasardyan əlavə edib ki, respondentlərin 4,7 faizi rəhbəri sabiq prezident Robert Köçəryan olan “Ermənistan” blokuna səs verərdi (azalma 1,8 faiz). O qeyd edib ki, ən böyük azalma ( 3,3 faiz) DOK Partiyası ilə bağlı qeydə alınıb və respondentlərin 3,5 faizi ona səs verməyə hazırdır.
Navasardyanın sözlərinə görə, dördüncü yeri 2,7 faizin səs verməyə hazır olduğu “Çiçəklənən Ermənistan” Partiyası (artım 0,3 faiz), beşinci yeri 2,1 faizlə sabiq prezident Serj Sərkisyanın “Şərəfim Var” bloku (0,2 faiz azalma) tutub.
Telefon sorğusu fevralın 27-dən martın 6-dək 1100 respondent arasında keçirilib.