BAKI, 12 mart. TELEQRAF

Bu gün “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, həmçinin media qurumlarının, özəl müəssisələrin rəhbər heyəti və digər qonaqlar iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. Fuad Qarayev 9 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 654 layihədən 138-i sərgidə iştirak hüququ qazanıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında tədbir iştirakçılarını salamlayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb. 2012-ci ildən keçirilən müsabiqəyə ölkə miqyasında marağın ildən-ilə artmaqda olduğunu vurğulayan nazir müavini sözügedən müsabiqənin müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında mühüm rolundan danışıb.

Elmin daima yeniliyə və axtarışlara açıq olduğunu diqqətə çatdıran nazir müavini bildirib ki, bu gün yaradıcı və analitik təfəkkür hər şeydən öndədir. Ölkənin gələcəyi məhz bu gün bu müsabiqədə iştirak edən şagirdlərin - sabahın alimlərindən asılıdır.

Çıxış edən “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qızıl medal mükafatçısı, ABŞ-də təşkil edilən İNTEL İSEF beynəlxalq layihə müsabiqəsinin bürünc medal mükafatçısı İbrahim Allahverdiyev qalib olduğu layihənin uğur hekayəsini qonaqlarla bölüşüb və layihə iştirakçılarına göstərilən hərtərəfli dəstəyə görə minnətdarlığını ifadə edib. Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək qonaqları salamlayıb və belə möhtəşəm tədbirə evsahibliyi etməkdən məmnun olduğunu vurğulayıb. Rektor çıxışında müsabiqəyə qatılanlar arasında qızların sayının ildən-ilə çoxaldığını və bunun da qızların tədqiqat sahəsinə marağının artmasının göstəricisi olduğunu diqqətə çatdırıb. Millət vəkili Ceyhun Məmmədov isə çıxışında şagirdlərdə təfəkkür, təhlil və araşdırma qabiliyyətini artırmağın lazım olduğunu qeyd edib və bu müsabiqənin şagirdlərə öz potensiallarını göstərmək və sabahın alimlərinə yeni perspektivlər yaratmaq üçün əvəzolunmaz imkan təqdim etdiyini vurğulayıb.

Çıxışlardan sonra musiqi nömrəsi səsləndirilib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar finalçıların layihələri ilə tanış olublar. Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.