
BAKI, 12 mart. TELEQRAF
Martın 14-də Tovuz rayon Mədəniyyət Evində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu baş tutacaq.
Teleqraf xəbər verir ki, forum Aqrar Biznes Festivalı çərçivəsində keçiriləcək. Tədbirin əsas hədəfi aqrar biznesin kooperativlər vasitəsilə daha səmərəli təşkili, sahibkarların iqtisadi müstəqilliyinin gücləndirilməsi və kooperativlərin inkişafına dəstək verməkdir. Foruma 20-dən çox rayondan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 30-dan artıq qadın inkişaf və müəssisə qrupunun qatılması gözlənilir.
Tədbir iki əsas hissədən ibarət olacaq. İlk hissədə dövlət qurumları və assosiasiyaların iştirakı ilə “Kooperasiyaların formalaşmasına və strateji inkişafına dəstək” mövzusunda panel müzakirə aparılacaq. Burada kooperativlərin qurulması, idarə olunması və inkişaf perspektivləri müzakirə ediləcək.
İkinci hissədə isə regional sərgilərdə fəal iştirak edən kooperativ rəhbərlərinin qatılacağı “Kooperativlərin inkişafı: təşəbbüslər və uğurlu təcrübələr” mövzusunda müzakirələr baş tutacaq. Burada uğurlu sahibkarlıq nümunələri və aqrar sahədə kooperativlərin inkişafına dair praktik təcrübələr bölüşüləcək.
Tədbirin aqrar sektorun inkişafına, sahibkarların biznes mühitində daha fəal iştirakına və kooperativlər arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verməsi gözlənilir.