BAKI, 12 mart. TELEQRAF

Boks üzrə mütləq dünya çempionu Mayk Taysonu zorlamada ittiham edən qadın iddia ərizəsini geri götürüb.

Teleqraf "USA Today" nəşrinə istinadən xəbər verir ki, bu barədə Taysonun maraqlarını müdafiə edən vəkil Deniel Rubin açıqlama verib.

Məhkəmə qeydlərinə əsasən, insident 1991-ci ildə Nyu York ştatının Olbani şəhərində boksçunun limuzinində baş verib. Qadın Taysondan 5 milyon dollar tələb edirdi. İndi isə ittihamçı tərəf işi dayandırmağı könüllü şəkildə qərara alıb.

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə də zorlamada ittiham olunaraq, 6 illik həbs cəzasına məruz qalıb. O, cəzanın 3 ilini həbsxanada keçirib. 1998-ci ildə Tayson adam döydüyünə görə 3,5 ay, 2008-ci ildə isə narkotikdən istifadə və narkotikin təsiri aldında avtomobil idarə etdiyi üçün bir müddət həbsdə olub.

ABŞ boksçusu peşəkar karyerası ərzində 58 görüş keçirib, 44-ü nokautla olmaqla, 50 qələbə qazanıb. Daha 2 qarşılaşma baş tutmamış sayılıb.