BAKI, 12 mart. TELEQRAF

Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Gömrük Hospitalının Planlaşdırma və Marketinq şöbəsinin mütəxəssisi Dilarə Zamanova məlumat verib.

O bildirib ki, bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar tam həcmdə ödənilir.

Qeyd edək ki, bununla bağlı xəbəri "Qafqazinfo" yayıb. Şikayətçilər iki ildir ki, əməkhaqlarını ala bilmədiklərini, əməkhaqqı karta yüklənəndən sonra onun qeyri-qanuni olaraq əllərindən alındığını iddia ediblər. Onların sözlərinə görə, iki il əvvəl rəhbərlik tərəfindən onlara Dövlət Gömrük Komitəsinin maddi durumunun yaxşı olmaması, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmədiyi və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib. Vəziyyətin altı ay müddətinə düzələcəyi bildirilsə də, artıq illərdir ki, davam edir.