
BAKI, 12 mart. TELEQRAF
Azərbaycanda bu ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə isitinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz azdır.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,2 faiz azallb, əmtəəlik qaz hasilatı isə 0,1 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 47 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 27,8 faiz, maşın və avadanlıqların istehsalı 22,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 21,8 faiz, əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, neft məhsullarının istehsalı 15,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, içkilərin istehsalı 5,4 faiz, elektrik avadanlıqlarının istehsalı 5,2 faiz artmış, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6 faiz, mebel istehsalı 5,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 5,9 faiz, hazır metal məmulatlarının istehsalı 9,0 faiz, tikinti materiallarının istehsalı 12,3 faiz, tütün məmulatlarının istehsalı 25,4 faiz, kağız və karton istehsalı 32,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,1 faiz, geyim istehsalı 39,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,5 faiz, poliqrafiya məhsullarının istehsalı isə 60,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 faiz artıb.