
BAKI. 12 mart. TELEQRAF
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın hədəfləri müəyyən olunub.
Teleqraf xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində əlavə ilə müəyyən edilən beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsi təmin ediləcək.
Dövlət Proqramının icrası nəticəsində hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin, prosedurların təkmilləşdirilməsi nəzərdə tutulub.
Eyni zamanda mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri həll etmək üçün innovativ strategiyaların hazırlanmasına dəstək veriləcək. Sərnişinlərin keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin ediləcək. Rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması hava gəmisinin gəlməsi, getməsi zamanı əsassız gecikmələrin qarşısının alınmasını təmin edəcək.
Əlavə olaraq Dövlət Proqramı çərçivəsində hava limanlarında (aeroportlarda) səmərəliliyin artırılması üçün effektiv informasiya texnologiyaları inkişaf etdiriləcək.
Eyni zamanda hava gəmisinin istismarçıları tərəfindən Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının müəyyən etdiyi standartlara uyğun ötürülməsi üçün bir pəncərə sisteminin inkişaf etdiriləcək.