
BAKI, 12 mart. TELEQRAF
Azərbaycanda hazırda beynəlxalq hava limanı statusuna malik 8 mülki hava limanı fəaliyyət göstərir.
Teleqraf xəbər verir ki, ölkədə fəaliyyət göstərən beynəlxalq hava limanları sırasına Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD), Naxçıvan Beynəlxalq Hava Limanı (NAJ), Gəncə Beynəlxalq Hava Limanı (GNJ), Lənkəran Beynəlxalq Hava Limanı (LLK), Qəbələ Beynəlxalq Hava Limanı (GBB), Zaqatala Beynəlxalq Hava Limanı (ZTU), Füzuli Beynəlxalq Hava Limanı (FZL) və Zəngilan Beynəlxalq Hava Limanı (ZZE) daxildir. Bu hava limanları dünyanın 37 ölkəsinin 107 hava limanına uçuşlar təşkil edir.
Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021-ci il oktyabrın 26-da, Zəngilan Beynəlxalq Hava Limanının açılışı isə 2022-ci il oktyabrın 20-də baş tutub. Laçın Hava Limanının tikintisi isə davam edir.
Sözü gedən beynəlxalq hava limanlarının buraxılış qabiliyyəti də yüksəkdir. Məsələn, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-də bir saat ərzində 3,500 sərnişin, Terminal 2-də isə 1,350 sərnişin qəbul edə bilir.
Digər hava limanlarının buraxılış qabiliyyətinə nəzər yetirsək, Naxçıvan Beynəlxalq Hava Limanında 600 nəfər, Gəncə Beynəlxalq Hava Limanında 300 nəfər, Qəbələ Beynəlxalq Hava Limanında 250 nəfər, Lənkəran Beynəlxalq Hava Limanında 200 nəfər, Zaqatala Beynəlxalq Hava Limanında 100 nəfər, Füzuli Beynəlxalq Hava Limanında 200 nəfər, Zəngilan Beynəlxalq Hava Limanında isə 200 nəfər təşkil edir.
Onu da qeyd edək ki, 2023-cü ildə Azərbaycan hava limanları vasitəsilə 52,9 min reys yerinə yetirilib və 6,0 milyondan çox sərnişin daşınıb.
Belə ki, sərnişinlərin 48,3 faizi Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar, 51,7 faizi isə digər dövlətlərdə qeydiyyatda olan istismarçılar tərəfindən daşınıb. Bu, Azərbaycanın hava nəqliyyatı sahəsindəki gücünü və inkişafını göstərir, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.