BAKI, 12 mart. TELEQRAF

Azərbaycanla Ermənistan arasında sülh danışıqları qarşılıqlı məktublaşma müstəvisində davam edir. İkinci Qarabağ müharibəsinin bitməsindən 5 ilə yaxın vaxt keçsə də, tərəflər yekun sülh sazişini imzalaya bilməyib. Bunun fonunda Bakı və İrəvan arasında qeyri-müəyyənliyin nə vaxta qədər davam edəcəyi də bəlli deyil.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf-a açıqlamasında Ermənistanın sülhdən yayınmaq cəhdlərinə diqqət çəkib.

Partiya sədrinin sözlərinə görə, İrəvan sülhdən yayınmaqla üzərinə düşən öhdəlikləri icra etmək istəmir: “Gözləyir ki, yeni sahibləri Ermənistana revanşla bağlı dəstək verəcək. Yeni müharibə istəyi isə Ermənistanın keçmiş hakimiyyəti ilə yanaşı, daxildə də dəstəklənir. Fransada, ABŞ-də yerləşən erməni diasporu revanşistləri müharibəyə çağırır. Nikol Paşinyan komandasını Azərbaycanla yeni müharibəyə təhrik edirlər. Bununla da erməni tərəfi sülhdən uzaqlaşır”, - deyə A. Mollazadə söyləyib.

Yeni müharibə riski ilə bağlı fərqli fikirlərin olduğuna münasibət bildirən deputat qeyd edib: "Hansısa hərbi əməliyyata başlanılsa, Ermənistan xəritədən silinə bilər. Ona görə də oyun qaydalarını dəyişiblər. Azərbaycanla bağlı böhtan və yalan informasiyalar yaymaqla məşğuldurlar”.

Politoloq Oqtay Qasımov Azərbaycanla Ermənistan arasında aparılan 5 illik sülh danışıqlarının mahiyyətinə toxunub.

“Sülh müqaviləsinin imzalanmaması regionda gərginliyin qalması deməkdir. Tərəflərin sülh müqaviləsi olmadan, bir-birinə maneə yaratmadan yaşaması mümkündür. Amma yekun sülhün olması vacibdir. Rəsmi Bakının əsas tələbi Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının ləğvi ilə bağlıdır. Bunun aradan qaldırılmaması Ermənistanın ərazi iddialarının davam etməsi deməkdir. Ərazi iddiaları isə qarşıdakı dövrdə yeni toqquşmalara səbəb ola bilər”, - deyə politoloq bildirib.

O əlavə edib ki, yekun sülh müqaviləsinin imzalanması əsas şərtdir: “Ermənistan bundan imtina edəcəksə, özü ziyan çəkəcək. Son 5 ildə bölgədə və dünyada qaydalar dəyişib. Proseslər erməni tərəfinin arzuladığı istiqamətdə getmir. Ona görə də sülh müqaviləsinin imzalanması, kommunikasiya xəttlərinin açılması, tərəflərin əməkdaşlıq mühitindən faydalanması məqbul seçimdir”.