
BAKI, 12 mart. TELEQRAF
Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Faiz dəhlizinin parametrləri haqqında” qərarında deyilir.
Qərarda deyilir ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin fevralında əmtəə qiymətləri indeksinin illik artımı 8.5 faiz təşkil edib: “Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin yanvar ayında ötən ilin eyni ayına nəzərən 10.7 faiz olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9 faizlik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk 2 ayında 1.5 faiz ucuzlaşıb”.
Mərkəzi Bank qeyd edir ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
Mərkəzi Bank bildirir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: “Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək”.