
BAKI, 10 mart. TELEQRAF
Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.
Bu barədə Teleqraf-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
2015-ci ildən 2025-ci ilin yanvarın 1-nə qədər sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsulun satışı həyata keçirilib. Bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.
2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.
2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, qeyri-neft sənayesi məhsullarının ixracında isə 26% təşkil edib.
Qeyd edilən göstəricilər sənaye zonalarının iqtisadi artıma mühüm töhfələrindən xəbər verir.