
BAKI, 26 fevral. TELEQRAF
Qlobal borc ötən il rekord səviyyəyə − 318 trilyon dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ildə qlobal borca təxminən 7 trilyon dollar əlavə olunub. Borcun həcmi 318 trilyon dollara çataraq yeni illik rekord müəyyən edib. Qlobal borcun ÜDM-ə nisbəti dörd ildən sonra ilk dəfə artıb, çünki ÜDM artımı yavaşlayıb və inflyasiya təzyiqləri azalıb.
Qlobal borcun ÜDM-ə nisbəti 2023-cü illə müqayisədə 1.5%-dən çox artaraq ÜDM-in 328%-nə yaxınlaşıb və bu, 2020-ci ildən bəri ilk dəfə borc nisbətlərində illik artım olduğunu göstərir.
Qeyd edək ki, qlobal borc 2023-cü ildə təxminən 15 trilyon dollar artmışdı. 2024-cü ildə də bu yüksəliş davam edərək 7 trilyon dollar artıb.
Hesabata görə, 2024-cü ildə qlobal borcun artımının təxminən 65%-i inkişaf etməkdə olan bazarların, əsasən Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyənin payına düşüb. Bu ölkələrin birgə borcu 103.7 trilyon dollar olub.
Eyni zamanda, ABŞ, Britaniya, Kanada və İsveç kimi inkişaf etmiş ölkələrin ümumi borcu isə ötən il 214.3 trilyon dollara çatıb.
Ev təsərrüfatlarının borcları ötən il 60.1 trilyon dollar təşkil edib, dövlət sektorunun borcları isə 95.3 trilyon dollar olub.
Qeyri-maliyyə şirkətlərinin borcları 91.3 trilyon dollar, maliyyə institutlarının borcları isə 71.4 trilyon dollar təşkil edib.