NEFTÇALA, 26 fevral. TELEQRAF

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri tərəfindən Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə ucaldılan abidə ziyarət olunub, Xocalı qurbanlarının ruhuna dualar oxunub, gül dəstələri düzülüb.

Teleqraf xəbər verir ki, daha sonra Neftçala Rayon Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalının azad edilməsindən sonra ora səfərləri, sakinlərlə görüşlərindən bəhs edən videoçarxa baxış keçirilib.

Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam edib.