
BAKI, 26 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp xarici investorlar üçün “EB-5” viza proqramını 5 milyon dollara satın alına bilən və ABŞ vətəndaşlığına aparan bir yol kimi nəzərdə tutulan “qızıl kart” ilə əvəz etmək ideyasını irəli sürüb.
Teleqraf xəbər verir ki, Tramp jurnalistlərə ABŞ-də iş yerlərinin yaradılmasına və ya qorunmasına böyük məbləğdə investisiya qoyan xarici investorların daimi yaşayış hüququ əldə etməsinə imkan verən “EB-5” immiqrant investisiya viza proqramını “qızıl kart” ilə əvəz edəcəyini bildirib.
"Biz qızıl kart satacağıq. Bu kartın qiyməti təxminən 5 milyon dollar olacaq. O, sizə yaşıl kart imtiyazları verəcək, üstəlik ABŞ vətəndaşlığına aparan bir yol olacaq və varlı insanlar bu kartı alaraq ölkəmizə gələcəklər" deyə, Tramp qeyd edib.
O, detalların iki həftə ərzində açıqlanacağını əlavə edib.
Tramp rusiyalı oliqarxlara da qızıl kart ala bilmək imkanı yaradılacağını istisna etməyib.
Qeyd edək ki, “EB-5” proqramı ABŞ-nin biznes sektoruna investisiya yatırmağı vəd edən əcnəbilərə "yaşıl kart" verir.