BAKI, 26 fevral. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd Şia əl-Sudani arasında mühüm görüş baş tutub.

Teleqraf xəbər verir ki, görüşdə İranın bölgədəki təsiri, İraqın enerji müstəqilliyi və ABŞ investisiyaları müzakirə olunub. Tərəflər, həmçinin, Kərkük-Ceyhan xam neft kəmərinin sürətlə istismara verilməsi üçün razılığa gəliblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun verdiyi məlumata görə, dövlət katibi Rubio İraqın baş naziri Sudani ilə telefon danışığı zamanı İraqın enerji müstəqilliyinə nail olmasının vacibliyini vurğulayıb. İraq-Türkiyə neft boru kəmərinin yenidən açılması üçün sürətli addımların atılması barədə razılıq əldə edilib.

Görüşdə, eyni zamanda, İraqda fəaliyyət göstərən ABŞ şirkətlərinin əlavə investisiyalar cəlb etməsi üçün müqavilə şərtlərinin yerinə yetirilməsi müzakirə olunub. İki tərəf, həmçinin, regiondakı məsələlər üzrə məsləhətləşmələri davam etdirmək və ABŞ-İraq təhlükəsizlik tərəfdaşlığını daha da gücləndirmək öhdəliyi götürüb.

Qeyd edək ki, 25 mart 2023-cü ildə Beynəlxalq Arbitraj Məhkəməsinin Türkiyə ilə İraq arasında neft ixracı ilə bağlı verdiyi qərardan sonra İraqdan Ceyhan Limanına neft axını dayandırılmışdı. ABŞ və İraqın yeni razılaşması bu kəmərin yenidən istismara verilməsinə ümid yaradır.