BAKI, 3 iyun. TELEQRAF

Gənc qrossmeyster, 16 yaşlıların Olimpiadasının qalibi və Avropa çempionatının mükafatçısı Aydın Süleymanlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Aydın, öncə bu sualdan başlayaq: şahmata marağınız necə yarandı?

- Şahmata təxminən 5 yaşımdan maraq göstərməyə başladım. Məktəbəqədər hazırlıq kurslarına gedirdim, orada şahmat dərsləri keçirilirdi. Bu dərslərdə iştirak etdikcə həm şahmat oynamağı öyrəndim, həm də bu oyunu sevdim.

O ərəfədə şahmatçılar arasında yarış təşkil olunmuşdu, həmin turniri ikinci pillədə başa vurdum. Evdəkilər şahmata marağımı gördülər və məni şahmat dərnəyinə yazdırmaq qərarına gəldilər. Şahmat karyeram belə başladı.

- Şahmata başladığınız vaxt bu səviyyəyə yüksələcəyinizi düşünürdünüz?

- Təbii ki, yox. Hətta üçüncü-dördüncü dərəcədə olduğum vaxt birinci dərəcəyə yüksəlmək mənə çox çətin, demək olar ki, mümkünsüz görünürdü. Nədənsə düşünürdüm ki, birinci dərəcəyə çatmaq üçün xüsusi qabiliyyətli biri olmaq lazımdır.

Amma zaman keçdikcə anlayırsan ki, ilk baxışda çox çətin görünən məqamlara əslində ardıcıl çalışmaqla nail olmaq mümkündür. On dörd yaşımda beynəlxalq usta olandan sonra inandım ki, yaxşı şahmatçı ola bilərəm. Uşaqlıqda isə bu qədər irəliləyəcəyimə əmin deyildim.

- Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz partiya və ya turnir hansı oldu?

- 16 yaşlıların Olimpiadasını dönüş nöqtəsi hesab edə bilərəm. Həmin turnirdə Azərbaycan komandası ilə birinci yeri tutmuşduq. Şəxsi lövhədə də qızıl medal qazanmışdım. O turnirdən sonra karyeramın daha yaxşı istiqamətə getdiyini düşünürəm. Düzdür, karantin səbəbindən müəyyən müddət karyeramda durğunluq oldu, amma sonradan inkişafa yönəlməyi bacardım.

Həmin yarışdan əvvəl vəziyyət yaxşı deyildi. Hətta karyeramı bitirmək barədə də düşünürdüm. O turnirdən sonra bu fikirləri kənara qoydum və yenidən motivasiya qazandım.

- Gənc yaşda böyük uğurlar qazanmısınız, qrossmeyster tituluna sahibsiniz. Erkən yaşda bu uğurlar sizə motivasiya verir, yoxsa əlavə təzyiq yaradır?

- Bizdə futbolçular qədər populyarlıq olmur. Şahmatda çox tanınmaq üçün gərək Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi səviyyəyə çatasan. Mən hələ o səviyyədə olduğumu düşünmürəm. Hazırda bu uğurların üzərimdə böyük bir yük yaratdığını da hiss etmirəm.

- Şahmat partiyalarına hazırlıq prosesiniz necə keçir?

- Vəziyyətə görə dəyişir. Adətən axşam saat 9-10 radələrində rəqibim bəlli olur. Püşk atılandan sonra rəqibə qarşı hazırlığa başlayırıq.

Əvvəlcə rəqibin oyunlarını analiz edirik. Daha sonra müəllimim və ya köməkçimlə müzakirə aparırıq, həmin rəqibə qarşı necə oynamağın daha doğru olacağını düşünürük. Püşk çıxan gün hazırlıq prosesi maksimum iki saat çəkir. Səhəri gün isə oyun başlayana qədər hazırlığımız davam edir. Oyunlar adətən saat 2 və ya 3 radələrində start götürür.

- Aydın Süleymanlı üçün ideal partiya necə olmalıdır?

- İdeal partiyada ilk növbədə ev hazırlığı düzgün olmalıdır. Amma şahmatda elə an olur ki, hazırladığın variantdan çıxırsan. Həmin an nə qədər hazırlaşmış olsan da, artıq öz gücünlə oynamağı bacarmalısan.

Çünki sonsuza qədər kompüterlə hazırlaşmaq mümkün deyil. Hazırlıq yaxşı olanda, variantdan çıxdıqdan sonra da düzgün oyun qurmaq mümkün olursa, həmin partiyanı ideal hesab etmək olar.

- Şahmatda istedad çox müzakirə olunur. Sizcə, uğur qazanmaq üçün istedad daha vacibdir, yoxsa hər gün təkrarlanan məşqlər?

- Hər ikisi önəmlidir. Elə şahmatçılar var ki, çox məşq edirlər, əziyyət çəkirlər, amma karyeraları boyunca ciddi nəticə əldə edə bilmirlər. Bunun səbəbi çox vaxt yanlış məşq etmək olur. Gündə 7-8 saat şahmatla məşğul olub irəliləyiş görməyən şahmatçılar da var.

Bəzən isə məşq prosesi düzgün olsa belə, istənilən nəticə alınmır. Çünki istedad faktoru da önəmlidir. Amma istedad olmasa belə, çox çalışmaq və düzgün məşq etməklə müəyyən səviyyəyə qədər irəliləmək mümkündür.

Digər tərəfdən, istedadın olub məşq etməsən, yenə heç nə əldə edə bilməyəcəksən. İstedad çox vacib amil sayılsa da, məncə, düzgün və davamlı çalışan bir pillə öndə dayanır.

- Gənc şahmatçılar bəzən reytinqə həddindən artıq fokuslanırlar. Siz reytinq təzyiqini necə idarə edirsiniz?

- Əslində, bir il əvvələ qədər mən də reytinqə çox fokuslanırdım. Düşünürəm ki, buna görə çox da irəliləyə bilmirdim. Daha sonra peşəkar köməkçi ilə bu barədə danışdım və həmin söhbətdən sonra reytinqə baxışım dəyişdi.

Artıq reytinqə əvvəlki qədər önəm vermirəm. İndi əsas fokusum yarışlarda yaxşı nəticə əldə etməkdir. Şahmat yolunu seçmişiksə, təbii ki, məğlubiyyətlər qaçılmazdır. Bəzi yarışlarda reytinqin düşməsi normaldır. Əsas olan bir turnirdən sonra harada olmağın deyil, bir il sonra hansı səviyyəyə çatmağındır.

- Şahmat taxtası arxasında rəqibdən başqa, insan öz hissləri ilə də mübarizə aparır. Oyun zamanı daha çox hansı hisslər ön plana çıxır?

- İdeal vəziyyətdə yaxşı olar ki, oyun zamanı heç bir əlavə fikirlə məşğul olmayasan. Şahmatda yalnız gedişlərə fokuslanmaq lazımdır. Çünki bu elə bir oyundur ki, dörd saat ərzində ən yaxşı gedişləri etsən belə, cəmi 5-10 dəqiqəlik diqqət dağınıqlığı nəticəyə təsir edə bilər.

Bəzən ağlına başqa fikir gəlir, yaxud içində hansısa mahnını zümzümə edirsən və bu, vacib bir gedişi gözdən qaçırmağına səbəb olur. Bir səhv gediş bütün oyunun taleyini dəyişir. Buna görə əsas məqsədim maksimum fokuslanmaqdır.

Hisslərə gəlincə, vəziyyət pis olanda daha çox düşünürəm: “İndi uduzsam, nə olacaq?”, “Oyundan sonra nə etməliyəm ki, məğlubiyyət mənə təsir etməsin?”, “Sabah mütləq qalib gəlməliyəm”. Vəziyyət yaxşı olanda isə özümü sakitləşdirməyə çalışıram. Düşünürəm ki, hələ sevinmək tezdir, əvvəl oyunu qazanmalısan, sonra sevinmək olar.

- Önəmli oyunlardan əvvəl həyəcan və stressi necə idarə edirsiniz?

- Elə oyunlar olur ki, həmin qarşılaşmanın karyeran üçün çox vacib olduğunu əvvəlcədən bilirsən. Düşünürsən ki, qalib gəlsən, həyatın dəyişər, tarix yazarsan. Ona görə nə qədər peşəkar olsan da, həyəcan həmişə səninlədir.

Əsas məsələ sakit qalmaq və özünə güvənməkdir. Bilməlisən ki, bu, sadəcə oyundur. Həyatın dəyişə bilər, amma məğlub olsan da, hər şey bitmir. Başqa oyunda, başqa turnirdə özünü göstərmək imkanın qalır. Buna görə də belə qarşılaşmaları həddindən artıq böyütməyə ehtiyac yoxdur.

- Bəs emosiyalarınızı necə idarə edirsiniz?

- Çox vaxt hisslərimi cilovlamağa çalışıram. Amma bəzən çətin olur. Mən emosiyalarını büruzə verən şahmatçıyam. Məsələn, Azərbaycan çempionatında qara fiqurlarla Riyad Səmədovu məğlub etdiyim oyunda çox emosional idim. Oyundan sonra həmin qarşılaşmanı izləyəndə özümə də qəribə gəldi. Sanki bir az şişirtmişdim.

Amma oyun zamanı bunun fərqinə varmırsan, hisslər tamam fərqli olur. Videoya baxandan sonra bu qədər emosional davrandığımı anladım.

- Şahmatda bəzən ən böyük rəqib masa arxasındakı oyunçu yox, idmançının öz gözləntiləri olur. Sizin özünüzdən gözləntiniz nədir?

- Mənim əsas gözləntim çəkdiyim əziyyətə, bu işə sərf etdiyim vaxta inanmaqdır. Düşünürəm ki, əgər bu qədər çalışmışamsa, niyə hansısa turnirdə qalib gəlməyim? Gözləntilərim daha çox bununla bağlıdır. Çox böyük gözləntilər yaratmağın mənası yoxdur.

Sadəcə çox çalışmaq, özünə güvənmək və düzgün yanaşmanı qorumaq lazımdır. Məncə, bu kifayətdir.

- Şahmatda məğlubiyyət kənardan sakit görünür, amma idmançı üçün fərqli hisslər yaradır. Sizi ən çox dəyişən məğlubiyyət hansı olub?

- Ötən il İspaniya Liqasında ispaniyalı beynəlxalq ustaya məğlub olmuşdum. Uzun müddətdən sonra həmin məğlubiyyətə görə reytinqim 2600-dən 2500-ə düşmüşdü.

O oyundan sonra mənim üçün çox şey dəyişdi. Nəyisə dəyişməli olduğumu anladım. Daha çox çalışmalı olduğumun fərqinə vardım. Həmin məğlubiyyətdən sonra karyeramı daha yaxşı istiqamətə dəyişə bildim.

- Avropa çempionatındakı çıxışınızı necə qiymətləndirirsiniz?

- Avropa çempionatındakı çıxışımı pis qiymətləndirsəm, özümə haqsızlıq etmiş olaram. Çünki Avropa üçüncüsü oldum. Sonuncu dəfə Azərbaycan Avropa çempionatında medalı 2015-ci ildə qazanmışdı. Uzun fasilədən sonra mən və Nicat Abasov medal qazandıq. Hətta ölkəmizə iki medalı birdən gətirdik.

Bunu pis nəticə kimi qiymətləndirmək düzgün olmaz. Son turda qalib gəlsəydim, çempion da ola bilərdim. Amma şahmatdır, belə hallar olur. Ümumilikdə çıxışımdan razı qaldım. Bəlkə də hər şeyin belə alınması daha yaxşı oldu.

- Azərbaycan millisinin heyətində çıxış etmək sizin üçün nə ifadə edir?

- Mənim üçün çox şey ifadə edir. Bu yola çıxan hər bir şahmatçının ən böyük arzularından biri ölkəsini təmsil etməkdir. Azərbaycan millisinin heyətində olimpiadada, Avropa çempionatlarında çıxış etmək və uğur qazanmaq böyük məsuliyyətdir.

Mən artıq Azərbaycan milli komandası ilə Avropa çempionatında ikinci yeri tutmuşam. Növbəti böyük arzularımdan biri isə olimpiadada Azərbaycana medal qazandırmaqdır.

Təbii ki, Azərbaycanı təmsil etmək həm də böyük məsuliyyətdir. Bilirik ki, çox insan bizə baxır, bizə azarkeşlik edir. Məğlubiyyətdən sonra bəzən insan özünü günahkar hiss edir, elə düşünür ki, komanda onun səhvinə görə uduzdu. Amma bu, idmandır. Milli komandalar da uduza bilər və bu, normaldır.

İlk vaxtlar bu məsuliyyəti daşımaq daha çətin idi. İndi isə buna bir qədər daha sakit yanaşa bilirəm. Məncə, milli komanda ilə çıxışa adi yarış kimi yanaşmaq daha faydalıdır. Çünki emosiyalar çoxaldıqca fokuslanmaq çətinləşir.

- Azərbaycan şahmat məktəbinin üzvü olmaq sizdə hansı məsuliyyət duyğusu yaradır?

- Ən böyük məsuliyyətlərdən biri indiki nəslin 15 il əvvəlki Azərbaycan şahmatı ilə müqayisə olunmasıdır. Belədə özünü bir az narahat hiss edirsən. Çünki 15 il əvvəl Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli kimi çox güclü şahmatçılarımız var idi. Çoxu 2700 reytinq baryerini aşmışdı. Həmin nəsildən sonra bizdə 2700 baryerini keçən şahmatçı yoxdur.

Təbii ki, bu, böyük məsuliyyət hiss etdirir. Bəzən böyük nəticə əldə edəndə belə düşünürük ki, hələ onlar kimi deyilik. Amma mən hələ gəncəm və düşünürəm ki, onlara yaxın səviyyədə şahmatçı ola bilərəm. Ona görə artıq bu məsuliyyəti əvvəlki qədər ağır hiss etmirəm.

- Qarşıdakı əsas hədəfiniz nədir?

- Hazırda azərbaycanlı şahmatçıların əsas hədəflərindən biri Olimpiadada uğur qazanmaqdır. İndiyə qədər böyüklər arasında bu turnirdə medalımız olmayıb. Mənim də hədəfim ilk dəfə Olimpiada medalını ölkəmizə gətirməkdir.

- Dünya çempionatı barədə nə düşünürsünüz? Gələcəkdə özünüzü orada görürsünüz?

- Real yanaşsaq, klassik şahmat üzrə dünya çempionatında özümü görmürəm. Amma rapid və blits üzrə dünya çempionatlarında qızıl medal qazanmaq şansımın olduğunu düşünürəm.

- Hansı şahmatçının oyun üslubunu özünüzə daha yaxın hiss edirsiniz?

- Ötən günlərdə süni intellektdən oyunlarımı analiz etməsini istədim. Daha sonra hansı şahmatçı ilə oyun stilimin bənzədiyini araşdırdı. Süni intellektə görə, oyun üslubum niderlandlı şahmatçı Aniş Qiriyə bənzəyir.

Düzdür, mən tam olaraq belə düşünmürəm, amma süni intellekt belə nəticə çıxarıbsa, deməli, müəyyən oxşarlıq var.

- Azərbaycan şahmatında sizdən əvvəl böyük adlar olub. Siz Aydın Süleymanlı imzasının gələcəkdə hansı oyun üslubu və ya hansı xüsusiyyətlərlə xatırlanmasını istəyərdiniz?

- Ümumiyyətlə, istərdim ki, 5-10 il sonra şahmatda “Aydın Süleymanlı” deyəndə insanlar məni yalnız oyun tərzimlə yox, daha çox qazandığım uğurlarla xatırlasınlar.

Təbii ki, şahmatda oyun stili də çox vacibdir. Amma məni praktik oyunçu kimi tanısalar, daha yaxşı olar. Sadə görünən məqamları düzgün və keyfiyyətli şəkildə görə bilən şahmatçı kimi yadda qalmaq istərdim. Amma əsas istəyim uğurlarımla xatırlanmaqdır.

- Şəhriyar Məmmədyarov bir müddət əvvəl qadın və kişi şahmatçıların səviyyəsi ilə bağlı fikirlər səsləndirmişdi. Sizcə, şahmatda qadın və kişi faktoru nə dərəcədə önəmlidir?

- Mənim bu məsələyə yanaşmam belədir: hazırda dünyanın ən güclü şahmatçıları arasında qadınların sayı azdır. Amma burada bir məqamı da nəzərə almaq lazımdır. Şahmatla məşğul olan oğlanların sayı qızlardan qat-qat çoxdur.

Məsələn, əgər şahmat oynayan 10 oğlan varsa, bəlkə də onların qarşılığında 2 qız olur. Ona görə nəticələrdə də fərqin olması müəyyən mənada normaldır.

Əgər şahmat oynayan qadınların və kişilərin sayı eyni olsaydı, mənzərə tamam başqa cür görünərdi. Uğurlu qadın şahmatçıların sayı daha çox olardı. Bu baxımdan indiki müqayisə bir qədər ədalətsizdir.

- Şahmatda yaş fərqi bəzən psixoloji təsir yarada bilir. Uşaq yaşda böyük rəqiblə, yaxud indi daha kiçik yaşlı rəqiblərlə qarşılaşanda belə bir təsir hiss etmisiniz?

- Hazırda belə vəziyyətlə qarşılaşmıram. Amma uşaq vaxtı olub. Altı-yeddi yaşımda iyirmi-otuz yaşlı rəqiblərlə oynayanda istər-istəməz içimdə bir qədər qorxu yaranırdı. Düşünürdüm ki, bu rəqib məndən böyükdür, yəqin daha çox təcrübəsi var.

Maraqlıdır ki, belə hisslər yaşadığım oyunların çoxunda qalib gəlmişəm. Ona görə bəlkə də böyüklərin uşaqlardan çəkinməsi də müəyyən mənada səbəbsiz deyil.

- Şahmatçı karyerasında ən çətin məqam nədir?

- Ən çətin tərəfi uzun müddət evdən uzaqda olmaqdır. Həm yarışlarda çox oluruq, həm də yollarda çox vaxt keçiririk. Bir müddətdən sonra bütün bunlar insanı yorur.

- Şahmat xarakterinizi dəyişib?

- Bunu demək çətindir. Beş yaşımdan şahmat oynayıram. Onda xarakterim hələ tam formalaşmamışdı. Ona görə şahmatın sonradan məni nə dərəcədə dəyişdiyini demək çətindir. Mənim xarakterim elə şahmatla birlikdə formalaşıb.

- Şahmatdan kənar hobbiləriniz var?

- Son dövrlərdə şahmatçılarla padel oynamağı sevirik. Son iki-üç aydır buna marağımız artıb, hətta aludəçisi olmuşuq deyə bilərəm. Kimsə yarışda olanda ona yazırıq ki, tez qayıt, padel oynamaq istəyirik.

Bundan başqa, “Tottenhem” futbol klubunun azarkeşiyəm. Onların oyunlarına baxmağı sevirəm. Hətta fan-kluba üzvəm. Bəzən fan-klubla birlikdə oyunlara baxmağa gedirəm.

- Azərbaycanda şahmata yeni başlayan uşaqlara və gənc şahmatçılara nə məsləhət verərdiniz?

- Şahmatçı karyerası elədir ki, bu yola çıxandan sonra geri dönmək çətin olur. Çünki insan bu yolda çox şey qurban verir. Müəyyən mərhələyə çatandan sonra düşünürsən ki, bu qədər yol gəlmişəmsə, şahmatı dayandırıb başqa sahəyə keçmək asan olmayacaq.

Bu yolda bəzi şeylərdən uzaq qalmalı olursan. Yarışlara gedirsən, dostlardan, ailədən uzaq düşürsən. Mənim elə vaxtlarım olub ki, dostlarımın ad günlərinə, hətta toylarına gedə bilməmişəm, çünki yarışda olmuşam.

Ən vacib məsələ bu oyunu sevməkdir. Əgər şahmatı sevmirsənsə, bu yolda irəliləmək çətin olur. Beş yaşımdan şahmat oynayıram. Bu işi sevməsəydim, on altı il ərzində hər gün 6-7 saatımı şahmata ayırmazdım, daim yarışlara getməzdim, bu qədər vaxtımı yollarda keçirməzdim.

Ona görə gənc şahmatçılara məsləhətim budur: bu oyunu sevirsinizsə, çox şeyə nail olmaq mümkündür. Öz üzərinizdə işləmək, düzgün məşq etmək və ən əsası, şahmatı sevmək lazımdır.