BAKI, 8 sentyabr. TELEQRAF

Argentina millisinin sabiq futbolçusu Karlos Tevez futbol dünyasının iki böyük ulduzu Lionel Messi və Kriştianu Ronaldunu eyni komandada bir araya gətirəcək.

Teleqraf xəbər verir ki, Tevez dekabrda Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki futbolçunun onunla birlikdə meydana çıxacağını açıqlayıb.

“İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”, - deyə argentinalı bildirib.

Qeyd edək ki, Tevez Ronaldu ilə İngiltərənin “Mançester Yunayted” klubunda komanda yoldaşı olub. O, Messi ilə Argentina millisində birlikdə çıxış edib.