BAKI, 5 sentyabr. TELEQRAF

Bakıda "ALUFAR IRONMAN 70.3 Baku" beynəlxalq triatlon yarışı start götürüb.

Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmi qonaqlar iştirak ediblər.

Yarışa 62 ölkədən 1500-dən çox iştirakçı qatılıb.

Azərbaycan 123 idmançı ilə təmsil olunur. “IRONMAN 70.3” yarışı kişilər və qadınlar arasında 13 yaş kateqoriyası üzrə keçirilir: 18–24, 25–29, 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60–64, 65–69, 70–74, 75–79 və 80–84 yaş qruplarını əhatə edir. Əsas yarışda ümumi iştirakçıların 807-si kişi, 197-si qadındır. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçısının isə 80 yaşı var.

Xatırladaq ki, “IRONMAN 70.3” yarışında iştirakçılar 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərini qət edəcəklər.

“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” triatlon üzrə dünya çempionatına vəsiqə qazanacaq.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.