BAKI, 2 fevral. TELEQRAF

Fevralın 2-də Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu işə başlayıb. Tədbirdən öncə gənclər Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Teleqraf-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov oxuyub. Ardınca 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub.

Mükafatları Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər.

30 illik yubiley çərçivəsində keçirilən XI Forumun əsas məqsədi gənclərin son üç onillikdə qazandığı nailiyyətlərin ümumiləşdirilməsi, növbəti onillik üçün strateji baxışın formalaşdırılması və gənclərin potensialının milli prioritetlərə uyğun səfərbər edilməsidir.

Rəsmi hissədən sonra Forum “Azərbaycan Gəncləri - 2035: Strateji baxış və prioritetlər” sessiyası ilə davam edib.

Forumun davamı isə 3 fevralda Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və Gənclərin potensialı - milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.

Qeyd edək ki, birinci Azərbaycan Gəncləri Forumu Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1996-cı il 2 fevral tarixində keçirilmişdir. Bununla da Azərbaycan Gəncləri Forumlarının keçirilməsi ənənəsi formalaşmışdır.

***

10:36

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin XI Forumu keçirilir.

Teleqraf xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günü münasibətilə gənclərə ünvanladığı müraciəti səsləndirib.

Tədbirdə dövlət başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatlarına layiq görülmüş gənclərə mükafatlar təqdim edilir.