BAKI, 15 sentyabr. TELEQRAF

2 mart 1949-cu ildə İstanbulun Sütlüce bölgəsində yerləşən, keçmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşaya məxsus olan silah fabriki partlayış nəticəsində havaya uçur. Faciədə Nuru paşa da aralarında olmaqla iyirmidən çox insan həlak olur, mətbuat günlərlə bu mövzudan yazır. Aradan 77 il ötsə də, bu qəza haqqında hələ də şübhəli məqamların olduğu bildirilir, əsas səbəblərdən biri kimi onun Misir dövlətinə silah satışı ilə bağlı anlaşmaya imza atması göstərilir.

Şübhəsiz ki, Nuru paşa, Qafqaz İslam Ordusu haqqında həm Türkiyədə, həm də Azərbaycanda yüzlərlə yazı yazılıb, kitablar işıq üzü görüb. Amma bizim üçün ən maraqlı olan onun faciəvi şəkildə şəhid olmasından sonra haqqında qələmə alınan yazıların izinə düşməkdi. Təəssüf ki, Türkiyə mətbuatında Nuru paşanın müasirlərinin bir-iki xatirəsi istisna olmaqla həyatı haqqında geniş məqalə yazan müəlliflərə rast gəlmədik. Amma qarşımıza daha maraqlı bir mətn çıxdı. Belə ki, “The Islamic Review” dərgisinin 1949-cu ilin iyul ayında çıxan 7-ci sayında Məkkə şəriflərinin nəslindən olan Əbdülməcid Heydərin Nuru paşa haqqındakı nitqinin mətni verilmişdi. Bu nitq 15 aprel 1949-cu ildə Londonda İslam Mədəniyyət Mərkəzində paşanın xatirəsinə keçirilmiş anım toplantısında söylənilmiş çıxışdır.

Şərif Əbdülməcid Heydər kimdir?

Şərif Əbdülməcid 1885-ci ildə İstanbulda Osmanlı imperiyasının Məkkə şərifləri ailəsinin görkəmli nümayəndələrindən olan Əli Heydər paşanın ailəsində dünyaya gəlmişdi. Əli Heydər paşa Zəvi-Zeyd qoluna mənsub Haşimi şəriflərdən idi, Osmanlı hakimiyyəti ilə Hicazdakı şərif ailələri arasındakı münasibətlərdə mühüm mövqe tuturdu. Onun ailəsi uzun müddət İstanbul ilə Hicaz arasında siyasi və sosial əlaqələrin mühüm halqalarından biri olmuşdu. Əli Heydər paşanın özü sonradan Osmanlı dövlətinin təyin etdiyi son Məkkə əmiri kimi tarixə düşəcəkdi. 1916-cı ildə Məkkə əmirliyinə təyin edilən Əli Heydər paşa Hicaza gedərək Osmanlı hakimiyyətini qorumağa çalışsa da, həmin vaxt Şərif Hüseynin rəhbərlik etdiyi ərəb üsyanı artıq bölgənin siyasi vəziyyətini köklü şəkildə dəyişdirmişdi.

Əbdülməcidin uşaqlıq və gənclik illəri məhz bu siyasi və mədəni mühitdə keçmişdi. Əli Heydər paşanın İstanbulda yerləşən köşkündə Mehmed Akif, Rza Tofiq, Rauf Yekta və Əli Rıfat kimi dövrün tanınmış simaları ilə yanaşı Avropadan gələn sənət adamları da görüşürdülər. Əbdülməcidin qardaşı Şərif Muhiddin Targan sonradan türk musiqisinin məşhur ud ifaçılarından birinə çevrilmişdi.

Əbdülməcidin həyatındakı ən mühüm dönüşlərdən biri onun Osmanlı xanədanı ilə qohumlaşması olub. O, Sultan V Muradın oğlu Şahzadə Mehmed Səlahəddin əfəndinin qızı Rukiyə Sultanla evlənmişdi. 1910-cu illərin əvvəllərində baş tutan evlilik üçün hazırlıqlar uzun müddət davam etmiş, toy Dolmabağça sarayında keçirilmişdi. Bununla da o, Osmanlı xanədanının daxilində də xüsusi mövqeyə malik şəxsə çevrilmişdi.

Əbdülməcidin təhsil və dünyagörüşünün formalaşmasında İstanbulla yanaşı Avropanın da mühüm rolu olmuşdu. Britaniya diplomatik sənədlərində onun İngiltərədə təhsil aldığı barədə məlumat verilir.

Birinci Dünya müharibəsi və Osmanlı imperiyasının dağılması Əbdülməcidin həyatında yeni mərhələ yaratdı. Atası Əli Heydər paşa Hicaz məsələsində Osmanlı tərəfini müdafiə edən şəriflərdən biri idi. Bu ailənin siyasi mövqeyi onları müharibədən sonra Hicazda hakimiyyəti ələ keçirən Şərif Hüseynin və daha sonra İbn Səudun qurduğu siyasi düzəndən kənarda qoydu. Əli Heydər paşa və ailəsi Osmanlı imperiyasının süqutundan sonra əvvəlki siyasi mövqelərini itirdilər. Britaniya sənədləri həmin dövrdə Əli Heydər paşanın oğullarından Əbdülməcidin siyasi ambisiyalar nümayiş etdirdiyini və İstanbulun diplomatik çevrələrində bu ambisiyalarını açıq şəkildə ifadə etdiyini göstərir.

Lakin 1924-cü ildə Osmanlı xanədanının Türkiyədən sürgün edilməsi Əbdülməcidin həyatında yeni bir dönüş yaratdı. Rukiyə Sultan xanədan üzvü olduğu üçün ölkədən çıxarılmalı idi və onun həyat yoldaşı Şərif Əbdülməcid də xanədanın kürəkəni kimi Türkiyəni tərk etdi. Əbdülməcid və Rukiyə Sultan da uzun müddət Beyrutda yaşadılar.

Bu dövrdə Əbdülməcidin həyatında siyasi fəaliyyət tamamilə yox olmadı. Əksinə, onun ailə mənşəyi və diplomatik qabiliyyətləri onu yeni Yaxın Şərq dövlətlərinin formalaşdığı bir şəraitdə müəyyən siyasi dairələr üçün maraqlı şəxsə çevirirdi. Britaniya diplomatik sənədlərində onun Əli Heydər paşanın böyük oğlu kimi xüsusi təqibi də bunu göstərir. Britaniya nümayəndələri onun siyasi ambisiyalarını müşahidə edir və ailənin Hicazla bağlı iddialarını diqqətdə saxlayırdılar.

Əbdülməcidin sonrakı siyasi yüksəlişi İordaniya ilə bağlı olub. İordaniya əmirliyinin və daha sonra müstəqil İordaniya dövlətinin meydana çıxması Osmanlı imperiyasının keçmiş siyasi elitasından gələn bir sıra şəxslər üçün yeni imkanlar yaratmışdı. Əbdülməcid də bu mühitdə diplomatik fəaliyyətə keçdi. 1940-cı illərin sonunda o, İordaniyanın Londondakı nümayəndəsi təyin edildi. Britaniya sənədlərində və 1949-cu ildə onun haqqında məlumat verən nəşrlərdə Əbdülməcid “Jordan Minister at the Court of St. James’s” kimi təqdim edilir. Bu titul onun İordaniyanın Böyük Britaniyadakı diplomatik nümayəndəsi olduğunu göstərirdi. Nuru paşa haqqındakı çıxışı da məhz bu dövrə təsadüf edir.

Əbdülməcid Heydərin nitqinin mətnini təqdim edirik:

***

Əlahəzrət şərif Əbdülməcid Heydər

Nuru paşa Killigil — Türkiyənin böyük oğlu

Ənvər paşanın qardaşı

İstanbulda, Qızıl Buynuzda Nuru paşa Killigil 2 mart 1949-cu ildə bir hərbi sursat fabrikində baş vermiş partlayış nəticəsində həlak oldu.

O, özünün əsasını qoyduğu və rəhbərlik etdiyi hərbi sənayedəki qabaqcıl fəaliyyətini yarımçıq qoyaraq böyük bir faciənin içərisində izsiz yox oldu. O, həmkarlarını və işçilərini xilas etməyə çalışarkən həyatını itirdi. Yüksək ictimai mövqeyinə, ailə səadətinə və etibar etdiyi dostlarının ona olan sədaqətinə baxmayaraq bir insan kimi öz borcunu yerinə yetirmək naminə ən böyük fədakarlığı etməkdən çəkinmədi.

O, döyüş meydanında əsgər kimi həlak oldu. Bu dəhşətli ölüm onun sağ qalmasını arzulayan və ona bağlı olan hər kəs üçün faciəvi bir boşluq yaratdı. Lakin onun ölümü gələcək nəsillər üçün nümunə olacaq qəhrəman şəxsiyyətlərin sayını artırdı. Onun damarlarında 1924-cü ildə Türküstanda müqəddəs bir amal uğrunda mübarizədə əsgər ölümü ilə həyatını itirən qardaşı Ənvər paşada olduğu kimi qəhrəman qanı axırdı və bu, təsadüfi deyildi.

Hələ gənc yaşlarında Nuru Killigil İtaliya işğalçılarına qarşı Trablusqərb müharibəsində iştirak etdi. Bundan dərhal sonra Balkan müharibəsinə qatıldı və təhlükə altında olan paytaxtı müdafiə etdi. 1918-ci ildə türk ordusunun komandanı kimi Qafqaz yürüşündə iştirak etdi; bu yürüşdə Qafqaz xalqlarının azadlığının taleyi həll olunurdu.

İslam idealları və Nuru paşa

Nuru paşa öz şəxsiyyətinin gücü ilə məharətini göstərən və eyni zamanda sıx bağlı olduğu tarixi dövr tərəfindən formalaşan insanlardan biri idi. Nuru paşa dövlətlərin və xalqların tarixində, eləcə də İslam dünyasının tarixində yeni bir mərhələnin başlandığı həlledici bir dövrdə yaşadı və mübarizə apardı. O, öz həmvətənlərinin və dindaşlarının minnətdarlığına və təqdirinə layiq görülərək bu dövrün çevrilmələrində fəal iştirak etdi.

“Bütün müsəlmanlar qardaşdırlar”, — deyə Qurani-Kərimin 49-cu surəsində bildirilir. Nuru paşa bu düşüncəyə sadiq yaşadı. Qardaş xalqların mənəvi və şüurlu birliyi onun ruhunun və həyatının əsl mahiyyətini təşkil edirdi. O, müxtəlif ölkələrə mənsub xalqlar arasında mənəvi həmrəylik hissinə malik idi. Onun nəzərində İslamın birliyi siyasi anlayış deyildi; siyasi mülahizələr onun həmrəylik duyğusunu məhdudlaşdırmırdı. O, bütün müsəlmanları, eləcə də taleyin ağır sınaqlarına məruz qalan və xüsusilə onun ürəyinə yaxın olan bütün insanları öz himayəsinə alırdı.

Azərbaycan və ya Krımdan, Şimali Qafqazdan, Türküstandan və ya İdil-Uraldan olan elə bir mühacir yox idi ki, o, onunla maraqlanmasın; Asiyanın ən yaxın və ya ən uzaq guşələrindən gələn, onun tərəfindən mənəvi cəhətdən təsəlli edilməyən və ya maddi yardım göstərilməyən heç bir müsəlman yox idi. Onun sənaye müəssisələrində demək olar ki, hər bir müsəlman xalqının nümayəndəsinə rast gəlmək mümkün idi: Balkan müsəlmanları, ərəblər, qafqazlılar, Krım və Volqa tatarları, Türküstandan gələn insanlar, hətta Çin Türküstanından olanlar.

İslam dünyasının problemi

Şübhə yoxdur ki, müsəlman dünyasının zəif cəhətlərindən biri eyni inanca mənsub xalqlar arasında əlaqələrin olmamasıdır; halbuki onların ardıcılları dünya əhalisinin beşdə birini təşkil edirlər. Zəruri birlik və həqiqi həmrəylik hissi çatışmır və bu insanlar bir-biri haqqında belə çox şey bilmirlər. Bu vəziyyəti anlamaq çətindir, çünki müsəlman xalqları dünyanın hər tərəfinə səpələnmiş deyillər; onlar, doğrudur, geniş, lakin bir-birinə yaxın ərazilərdə yaşayırlar və bir çox ümumi problemlər onları öz aralarında birləşdirməlidir.

Son dövrün ən ümidverici cəhəti ondan ibarətdir ki, İslam dünyasını və xalqlarını ortaq müsəlman sivilizasiyası ətrafında birləşdirmək üçün səy göstərən bəzi şəxsiyyətlər və qruplar meydana çıxmaqdadır. Məhz buna görə də bu insanlar və qruplar diqqətəlayiqdirlər və müsəlman icmaları onlara qarşı dərin ehtiram bəsləməkdə haqlıdırlar. Nuru paşa Killigil bu işin ən görkəmli müdafiəçilərindən biri idi və onun faciəli ölümü bu insanların ən yaxşılarından birini aradan götürdü.

Dövrümüzdə Yaxın və Orta Şərqdə baş verən fundamental dəyişikliklər milli şüurun dirçəlişi və siyasi, sosial və iqtisadi həyatın hərtərəfli yenidən qurulması ilə səciyyələnir. Ötən əsrin ikinci yarısından etibarən müxtəlif müsəlman ölkələrində dövlətlərin və xalqların maddi standartlarının yüksəldilməsinin, eləcə də xarici ölkələrdən iqtisadi müstəqilliyin təmin olunmasının zəruriliyini təbliğ edən insanlar meydana çıxmışdır. Siyasi müstəqillik özünün iqtisadi bazası olmadan mövcud ola bilməz.

Hindistanda Seyid Əhməd Xan sonralar mühüm mədəniyyət mərkəzinə çevrilən bir kollecin əsasını qoymuşdu. Krımda İsmayıl bəy Qaspıralı çar hakimiyyətinin süqutu ərəfəsində böyük islahatçı kimi fəaliyyət göstərirdi. Misirdə Şeyx Məhəmməd Əbdu və onun şagirdi Şeyx Rəşid Rza fəal idilər. Onların təbliğ etdikləri sosial və maddi sərvətlərin ümumi inkişaf prinsipləri insanlığa xidmət etmək üçün təbiətin bəxş etdiyi qüvvə və imkanlardan tam istifadə edilməsini nəzərdə tutan İlahi Qanunla uzlaşırdı. Nuru paşa bu prinsipi Türkiyədə həyata keçirmək sahəsində ilkin fəaliyyət göstərmişdir. Birinci Dünya müharibəsindən sonra o, hərbi xidmətdən uzaqlaşaraq özünü Türkiyədə hərbi sənayenin qurulmasına həsr etdi. O, çox yaxşı anlayırdı ki, ölkənin müstəqilliyi onun sənayesinin inkişaf səviyyəsi ilə sıx bağlıdır. O, fəaliyyətinə həvəskar üsullarla başlamadı. Yeni fəaliyyət sahələrinə yiyələnmək məqsədilə uzun müddət öyrəndi və ardıcıl şəkildə çalışdı. Avropaya getdi, bir çox fabriklərdə işləyərək müasir sənayenin əmək və təşkilati metodlarını dərindən mənimsədi və yalnız bundan sonra vətənə qayıtdı.

Nuru paşa fabrik yaradır

Demək olar ki, heç bir maddi imkan olmadan o, fəaliyyətinin başlanğıcında cəmi bir neçə dəzgaha malik olan bir fabrik yaratdı. On iki il ərzində yorulmaz əməyinin və təşkilatçılıq qabiliyyətinin sayəsində böyük nailiyyətlər əldə etdi. Onun fabriki sağlam maliyyə vəziyyətinə gəlib çatdı və inkişaf etdi. İkinci Dünya müharibəsi illərində bu fabrik Türkiyənin milli müdafiəsi üçün mühüm sifarişləri yerinə yetirə bilirdi və Nuru paşa öz ölkəsinin sərəncamına silahlarla bağlı özünün apardığı tədqiqatlara əsaslanan bir sıra mühüm ixtiralar təqdim etdi. İstehsalı öz ölkəsinin mənafeyi naminə lazımi səviyyədə qurduqdan sonra o, daha geniş fəaliyyət sahəsinə keçdi və ölkəsinin çoxsaylı mühüm dövlət əlaqələri ilə bağlı olduğu Misirdə öz fabrikinin bir filialını yaratdı.

Nuru paşanın böyük ürəyi, mükəmməl zəkası və fövqəladə istedadı geniş üfüqləri əhatə edirdi. O, hadisələri onların həqiqi mahiyyətində görür, gələcəkdə baş verəcək hadisələri qabaqcadan təsəvvür edirdi. Hansı yollarla getmək lazım olduğunu və daha yaxşı gələcəyi necə hazırlamağın mümkünlüyünü çox yaxşı bilirdi. Öz ölkəsini dərindən sevən Nuru paşa onun sərhədlərini aşırdı. O, digər müsəlman ölkələrinə səfərlər edir, onların siyasi və ictimai liderləri ilə əlaqələr qururdu. Onlarda öz böyük ideya və planlarının müttəfiqlərini tapmağa çalışırdı.

Nuru paşanın realist xarakteri

Nuru paşa Qərb ölkələrini tanıyırdı. O, onların bütün sahələrdə əldə etdikləri mədəni və texniki nailiyyətləri yüksək qiymətləndirirdi. Öz fəaliyyət sahəsi çərçivəsində bu nailiyyətləri həm öz ölkəsi, həm də ona yaxın ölkələr üçün tətbiq etməyə çalışan insanlardan biri idi. Lakin Qərbin nailiyyətlərinə bu yüksək qiyməti verməsi və səmərəli əməkdaşlığın vacibliyini dərk etməsi onun tənqidi düşüncəsini və düzgün mühakiməsini heç də kölgədə qoymurdu; onun nüfuzedici zəkası Qərbin səhvlərini, uzaqgörənlikdən məhrumluğunu və uğursuzluqlarını da görürdü. Hitler rejiminin öz uğurunun zirvəsində olduğu bir vaxtda Berlinə səfər etdikdən sonra Nuru paşa son dərəcə cəsarətli və orijinal bir fikir irəli sürmüşdü. Türkiyəyə qayıtdıqdan sonra o, belə qənaətə gəlmişdi ki, Hitler Almaniyası məğlubiyyətə məhkumdur.

Eyni realist mühakimə ona Yaxın və Orta Şərq ölkələrində texniki inkişaf səviyyəsinin Avropadakından daha aşağı olduğunu görməyə, lakin eyni zamanda bu ölkələrin daha yüksək mənəvi və əxlaqi dəyərlərə malik olduğunu tam şəkildə dərk etməyə imkan verirdi. Bu, həmin ölkələrdə insanlara və xalqlara qarşı irqi qərəzin heç vaxt mövcud olmaması, dözümlülük, ümumbəşəri qardaşlıq və insanlar arasında Allah qarşısında bərabərlik prinsiplərinə heç vaxt xəyanət edilməməsi ilə bağlı idi. Onlar heç vaxt maddi qüvvələrə sitayiş etməmiş, mənəvi aləmin üstünlüyünü inkar etməmişdilər.

Çox keçmədən siyasi müstəqillik uğrunda mübarizə aparmalı olan bu böyük Türkiyə oğlu, hələ də dünya xalqları arasında özlərinə layiq yeri uğrunda mübarizə aparan qardaş xalqlara qarşı bütün hisslərini və ürəyini yönəltmişdi.

Nuru paşa müsəlmanları təhdid edən təhlükələrdən tam xəbərdar idi və ruhları zəhərləyən şərin mənbəyini bilirdi. Lakin onun ölümü şərin qələbəsi demək deyil. Onun bədənini parçalayan partlayışlar Nuru paşanın simasını işıqlandıran sönməz bir atəşi alovlandırmışdır.