BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycan Hərb Tarixi Muzeyində 15 sentyabr 1918-ci il Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin kursantları, muzeyin şəxsi heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahov 1918-ci ilin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin olduqca çətin sınaqlardan keçərək Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun vasitəsilə Bakı şəhərini Sentrokaspi Diktaturası, bolşevik-daşnak və ingilis qüvvələrindən təmizləyib böyük bir tarixi qələbəyə imza atdığını bildirib.
Digər çıxış edənlər də mövzu ətrafında geniş danışıb, iştirakçıların suallarını cavablandırıblar.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.