BAKI, 13 sentyabr. TELEQRAF
“Olduqca sürətli və keyfiyyətli oyun alındı. Əvvəldən də bu cür olacağı təxmin olunan idi. Oyunçularıma təşəkkür edirəm. Sona qədər əzmkarlıq nümayiş etdirdilər”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ” ilə heç-heçə (1:1) edən “Zirə”ın baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
“İyul ayından etibarən kubok oyunlarına hazırlığa başladıq. İndi milli ara olacaq. İstəməzdik bu qədər fasilə olsun. Bunun bizə necə təsir edəcəyini zaman göstərəcək. Bu gün oyunlarımız yaxşı alınır. Çalışacağıq bu tempi qoruyaq.
8 oyundur sabit sistemlə oynayırdıq. Bu gün sistemi dəyişməyimiz ola bilər ki, rəqibi çaşdırıb. Çünki onlar da bizim matçları təhlil edir. Hər iki komanda mübariz oyun göstərdi. Bu cür görüşlər Azərbaycan Premyer Liqasının səviyyəsini artıracaq”.