
BAKI, 28 mart. TELEQRAF
“Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik”.
Teleqraf xəbər verir ki, bu sözləri 19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi İlqar Aslanov deyib.
Onun sözlərinə görə, ilk oyunda Bosniya və Herseqovinaya ağır məğlubiyyət sanki komandanı ayıldıb: “İlk görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədik. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübə də qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.
Qeyd edək ki, Azərbaycan komandası Avropa çempionatının əsas seçmə mərhələsində Xorvatiya ilə heç-heçə edib (3:3).