
BAKI, 20 mart. TELEQRAF
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) yeni prezidenti müəyyənləşib.
Teleqraf xəbər verir ki, Yunanıstanın Kosta-Navarino şəhərində keçirilən qurumun 144-cü sessiyasında bu vəzifəyə üzgüçülük üzrə ikiqat Olimpiya çempionu, zimbabveli Kirsti Koventri seçilib.
Koventri səsvermədə Xuan Antonio Samaranç (İspaniya, IOC-un vitse-prezidenti), David Lapartyen (Fransa, Beynəlxalq Velosipedçilər Birliyinin rəhbəri), Feysal ibn Hüseyn (İordaniya şahzadəsi, IOC İcraiyyə Komitəsinin üzvü), Sebastyan Kou (Böyük Britaniya, Dünya Atletikasının rəhbəri), Yohan Eliaş (Böyük Britaniya, Beynəlxalq Xizək İdmanı Federasiyasının rəhbəri) və Morinari Vatanabeni (Yaponiya, Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri) qabaqlayıb. O, IOC tarixinin ilk qadın prezidentidir.
Koventri bu postda 2013-cü ildən prezident olan Tomas Baxı əvəzləyəcək. Almaniyalı funksioner iyunun 23-də vəzifəsindən ayrılacaq.
Qeyd edək ki, Kirsti Koventri qarşıdakı 8 illik dönəmdə IOC-un prezidenti olacaq.