
SUMQAYIT. 22 mart. TELEQRAF
"Komandamızın oyunundan razı qaldım. ‘Çətin olacağını bilirdik. Ardıcıl 9-cu qələbəmizi qazandıq. Bu, Haiti tarixində ilkdir. Həmçinin, Avropa komandası üzərində ilk qələbə idi".
Teleqraf xəbər verir ki, bunu Haiti milli komandasının baş məşqçisi Sebastyen Minye Azərbaycan yığmasını Sumqayıtda 3:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Fransalı mütəxəssis yaxşı komandaya qarşı çıxış edərək, böyük hesablı qələbə qazandıqlarını bildirib: "Burada atmosfer fərqli idi. Stadion və meydanın keyfiyyətini vurğulayardım. Komandamın belə yerdə necə çıxış edəcəyini gözləyirdim. Gözləntilərim özünü doğrultdu".
53 yaşlı mütəxəssis "Başqa rəqib tapılmadımı sualını isə belə cavablandırıb: “FIFA pəncərəsində biz "Gold cup"a vəsiqə qazanmışıq, digərləri isə hələ mübarizə aparır deyə yoldaşlıq oyunu üçün uyğun deyildilər. 5 seçimimiz var idi, İrlandiya, İsveçrə, Azərbaycan və daha 2 ölkə. AFFA-ya müraciət etdik və pozitiv cavab aldıq. Federasiyanıza qarşılanma, qonaqpərvərlik və hər şeyə görə təşəkkür edirəm".