BAKI, 31 mart. TELEQRAF

1918-ci il 31 martında ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının üzərindən 107 il ötür. Hər il mart qırğını qurbanlarının xatirəsi ölkəmizdə böyük ehtiramla yad edilir.

1917-ci ilin oktyabr inqilabından sonra bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdikdən sonra Daşnaksutyun partiyası ilə yerli vəziyyətə nəzarəti gücləndirməyə başladılar. Rusiya bolşeviklərinin rəhbəri Vladimir İliç Leninin Stepan Şaumyanı Qafqazın Fövqəladə Komissarı təyin etdikdən sonra vəziyyət tamam dəyişdi. Beləliklə, 1918-ci ilin mart qırğınları ərəfəsində Bakı Soveti, Daşnaksutyun partiyası əks-inqilabçı elementlərə qarşı mübarizə bəhanəsi ilə Bakı və ətraf ərazilərdə azərbaycanlılara qarşı xüsusi planlarını həyata keçirməyə başladı. Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı qırğınlarda Bakı Sovetinin 6 min, Daşnaksutyun partiyasının 4 min silahlı qüvvəsi iştirak edib.

Qanlı qırğın 1918-ci ilin martın 30-da erməni-bolşevik birləşmələrinin Bakı şəhərini gəmilərdən atəşə tutması ilə başlayıb. Bunun ardınca silahlı erməni daşnaklar azərbaycanlıların evlərinə basqın edərək onlara qarşı amansızcasına divan tutub, qətliam həyata keçiriblər. Təkcə həmin müddətdə erməni-daşnak birləşmələri Bakı şəhərində və ətrafında 2 mindən artıq günahsız insanı xüsusi amansızlıqla qətlə yetiriblər.

O dövrdə azərbaycanlılara qarşı törədilən soyqırım təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törədib, yerli əhaliyə divan tutublar. Ümumilikdə 1918-ci ilin ilk 5 ayı ərzində ermənilər tərəfindən Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürülüb, 167 kənd isə talan edilərək yandırılıb, məhv edilib. Dəhşətli qırğınlarla və vandalizmlə müşayiət edilən hücumlar nəticəsində 35 kənd yer üzündən silinib. Azərbaycanlılarla yanaşı, ermənilər Qubada yerli yəhudilərə qarşı da xüsusi amansızlıqla qətliamlar törədib.

Sözsüz ki, 1918-ci il mart qırğınları azərbaycanlılara qarşı məhz irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasətin nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra da 1918-ci ilin mart hadisələri gündəmdə olub. AXC tərəfindən azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 15 iyul 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradılıb. Həmin komissiya ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla müxtəlif millətlər və o dövrün ən yaxşı hüquqşünaslarının iştirakı ilə formalaşdırılıb. Toplanan sübutlar əsasında Fövqəladə İstintaq Komissiyası 128 hesabat və layihə hazırlayaraq, dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi qaldırıb.

Məhz Fövqəladə İstintaq Komissiyası apardığı araşdırmaların nəticəsi olaraq, 1918-ci ilin avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs edilərək istintaqa cəlb edilib. Əslində bu azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk hüquqi addım hesab edilirdi. Təəssüflər olsun ki, 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Fövqəladə İstintaq Komissiyasının Mart Soyqırımının bütün mahiyyətini araşdırıb ortaya qoymaq missiyası da yarımçıq qaldı və bu işi tamamlamaq mümkün olmadı.

1991-ci ildə Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra, 1918-ci ilin mart soyqırımına hüquqi-siyasi qiymət vermək mümkün oldu.

1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən 1918-ci ilin Mart soyqırımının 80-ci ildönümü ərəfəsində 31 mart tarixinin matəm günü elan edilməsi barədə fərman imzalanıb. Bu fərman XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırım aktlarının siyasi və hüquqi qiymətləndirməsinin aparılması üçün əsas sənəd kimi qiymətləndirilir.

Azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi Soyqırımı Gününün yad edilməsi dünya ictimaiyyətinin məlumatlandırılması baxımından mühüm rol oynayır.

Çünki ermənilər ötən əsrin sonlarından başlayaraq yenidən azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətini həyata keçirirdi. 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq, ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirdi. Bununla yanaşı azərbaycanlılara qarşı çoxsaylı hərbi və insanlığa qarşı cinayətlər törədilib. Bunların ən qanlısı ermənilərin 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirmiş olduğu Soyqırımı aktıdır. Bütün bunlar sübut edir ki, ermənilər məhz əsrin əvvəllərində olduğu kimi əsrin sonunda da Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata həyata keçirib.

2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suvrenliyini bərpa etməklə tarixi ədaləti təmin edib və 200 illik ədalətsizliyə son qoyulub.