BAKI, 30 mart. TELEQRAF

Son günlər Trampın uzun illər hakimiyyətdə qalmaq niyyətində olması ilə bağlı məlumatlar yayılmaqdadır.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “Daily Mail” nəşri məlumat yaymışdı.

Xəbərdə bildirilirdi: “Bu, Donald Trampa məhdudiyyətlərdən qaçmağa imkan verəcək 22-ci düzəlişdir. Namizəd iki müddətdən artıq, ardıcıl qaydada prezident postunu tuta biləcək. Trampın vitse-prezident vəzifəsinə namizəd olmaq imkanı var. ABŞ-nin növbəti seçilən prezidenti razılaşma əsasında istefa verəcək və hazırkı Amerika lideri bundan sonra yenidən vəzifəyə qayıda bilər... Trampın üçüncü müddətə və potensial olaraq 2037-ci ilin yanvarına qədər, 90 yaşı tamam olanda isə dördüncü müddətə prezident olmaq ehtimalı təkcə mümkün deyil, həm də asandır”.

Bu gün NBC News telekanalına verdiyi müsahibəsində ABŞ Prezidenti özü də etiraf edib ki, üçüncü dəfə seçilmə ehtimalı ilə bağlı dedikləri zarafat deyil.