
BAKI, 5 mart. TELEQRAF
Bu gün Azərbaycanın idman ictimaiyyəti peşə bayramını qeyd edir.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.
1995-ci il məhz bu günündə ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkədə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır.
Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il Azərbaycan idmançıları üçün uğurlu il olub. Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 16 növ üzrə 53 idmançıdan 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşıb. İdmançılar ölkə aktivinə 18 medal yazdırıblar.
2024-cü il Parisdə keçirilən XXXII Yay Olimpiya Oyunlarında isə Azərbaycan 7 medal qazanaraq, 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 30-cu yerdə qərarlaşıb.
Ötən il Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) digər sahələr kimi, Azərbaycan idmanının da dünyada tanıdılması baxımından əlamətdar olub. Bu tədbirlə bağlı məşhur futbol adamları Azərbaycana gəlib. Dünyanın ən nüfuzlu idman təşkilatlarından olan FIFA-nın prezidenti Canni İnfantino COP29-da iştirak etmək üçün Bakıya səfər edib. COP29 ilə bağlı Azərbaycana səfər edən məşhur simalardan biri də əfsanəvi futbolçu Ronaldinyo olub. İspaniyanın məşhur "Barselona" klubunun prezidenti Joan Laporta da Bakıda olub. Tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə fəxri qonaq kimi iştirak edib.
Gənclər və İdman Nazirliyi əlamətdar günü 2025-ci ilin İdman Paytaxtı Qəbələdə qeyd edəcək. Əvvəlcə idman ictimaiyyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edəcək, daha sonra Qəbələ Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin ərsəyə gətirdiyi, ulu öndər Heydər Əliyevə həsr olunmuş "Dönüş anı" filmini izləyəcək, şəhər mərkəzində idman paradına qatılacaqlar. Ötən il analoji tədbir Qubada təşkil olunmuşdu.