
BAKI, 6 mart. TELEQRAF
ABŞ-nin müdafiə naziri Pit Heqsetin ölkəsinin Çinlə müharibəyə hazır olması ilə bağlı bəyanatı qazanılması mümkün olmayan qarşıdurmaya səbəb olur.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
Onun sözlərinə görə, tarif, ticarət, soyuq və ya "isti" müharibədən heç bir nəticə çıxmayacaq.
"ABŞ rəsmilərinin müvafiq bəyanatları qəsdən ideoloji qarşıdurmaya səbəb olur və Çin təhlükəsi ilə bağlı ajiotaj yaradır", - Lin Cian vurğulayıb.
Rəsmi nümayəndə qeyd edib ki, Pekin Amerika hakimiyyətinə Çinə "hegemon məntiq" tətbiq etməməyi və soyuq müharibə dövründən qalan düşüncəni rəhbər tutaraq Çin-Amerika münasibətlərini qurmamağı tövsiyə edir.
Xatırladaq ki, Pentaqon rəhbəri Pit Heqset ehtiyac yaranacağı təqdirdə Çinlə müharibəyə hazır olduqlarını bəyan edib.