
BAKI, 6 mart. TELEQRAF
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.03.2025-ci il tarixində saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalı sınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
13:35
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 540 kvadrat metr olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kvadrat metr sahədə yanıb.
Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.