BAKI, 6 mart. TELEQRAF

Türkiyə olmadan Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı sualı cavablandırarkən deyib.

Nazirlik rəsmisi Türkiyəyə qarşı yanlış siyasəti ilə bağlı Avropa İttifaqına (Aİ) xəbərdarlıq edib.

"NATO və ATƏT üzvü və Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olan Türkiyə inkişaf edən müdafiə sənayesi, regional böhranların həllində mühüm rolu və güclü ordusu ilə Avropanın təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsidir.

Son inkişaflar nəticəsində təhlükəsizlik arxitekturasının yenidən formalaşdırıldığı bu prosesdə ölkəmiz olmadan Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil. Amma siyasi səbəblərdən ölkəmizin Aİ-nin müdafiə təşəbbüslərində iştirakına mane olmağa davam etmək çox yanlışdır.

Avropanın təhlükəsizliklə bağlı narahatlıqlarının artdığı bu dövrdə qitənin qlobal aktora çevrilməsi üçün ölkəmizin Aİ-nin müdafiə səylərində tam iştirakı vacibdir", - Aktürk bildirib.