​​BAKI, 6 mart. TELEQRAF

Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, Həsənriz kəndinə 25 ailə, 75 nəfər köç edib.

Açarların təqdim edilməsi mərasimində, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, işğaldan sonra Həsənriz kəndində yenidənqurma və bərpa işlərinə başlanıb:

"Artıq kəndə 50 ailə köçürülüb. Bundan sonra da köç mərhələli şəkildə həyata keçiriləcək. Hazırda kənddəki fərdi yaşayış evlərində təmir işləri həyata keçirilir. Qısa zamanda Həsənriz kəndi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub".

Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həsənrizə qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Qeyd edək, martın 3-də Həsənriz kəndinə ilk köç olub.25 ailə doğma torpağına qayıdıb.

***

12:37

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Martın 6-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.

Teleqraf AZƏRTAC-a istinadən xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 25 ailə - 75 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.