BAKI, 6 mart. TELEQRAF

Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Çinlə dilpomatik əlaqələri kəsməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Analizdə Panama liderinin qərarı onun amerikalı həmkarı Donald Trampa təslim olması kimi şərh edilir:

“Beləliklə, ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verdi. Tramp Konqresdəki son çıxışında ABŞ-nin Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı. Ağ Ev sahibi hələlik buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında “ağ bayraq” qaldırdı. Vaşinqton müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatıyla dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Trampın xəbərdarlığını şəxsən Panama prezidentinin diqqətinə çatdırmışdı.

ABŞ dövlət katibinin səfərindən sonra Panama verdiyi iki qərarını açıqlamışdı. Birincisi, bundan sonra ABŞ-nin hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər. İkincisi, Panama Çin şirkətləriylə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq.

Pekin Panamanın qərarından təəssüfünü bildirib. Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-ci ildə imzalanmışdı. Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsiylə bağlı saziş isə daha əvvəl - 1997-ci ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı ilə əvəzləyəcək”.

Qeyd edilir ki, Panama Çinlə hərbi əməkdaşlığa da son verəcək:

“Son illərdə Çin və Panamanın sərhəd xidmətləri, hərbi hava və hərbi dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi.

Tramp administrasiyasının Panamada əldə etdiyi qələbə ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək. Görünür, Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq”.