
BAKI, 6 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadakı avtomobil istehsalçılarına aparıcı sənaye nümayəndələri ilə danışıqlardan sonra bir aylıq tarif azadlığı verib.
Teleqraf xəbər verir ki, bu xəbərdən sonra avtomobil səhmləri yüksəlib.
"Biz “Böyük Üçlük” (“Stellantis”, “Ford”, və “General Motors”) avtomobil istehsalçıları ilə danışmışıq. Amerika Birləşmiş Ştatları-Meksika-Kanada Sazişi (USMCA) çərçivəsində gətirilən istənilən avtomobilə bir aylıq azadolma tətbiq edəcəyik," deyə Ağ Evin mətbuat katibi Kerolayn Levitt təsdiqləyib.
O, bildirib ki, qarşılıqlı tariflər 2 aprel tarixində qüvvəyə minəcək.
Qeyd edək ki, Meksika və Kanadadan idxal olunan bütün mallara 25% tarif bir gün əvvəl qüvvəyə minib, eyni zamanda Çin idxalına əlavə 10% rüsum tətbiq edilib.
Ötən ay Tramp 2 aprel tarixindən etibarən bütün avtomobil, əczaçılıq və yarımkeçirici idxalına 25% tarif tətbiq edəcəyini də elan etmişdi.