BAKI, 6 mart. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi Ankaranın Suriyada üç yeni hərbi baza quracağı və İsrailin paytaxt Dəməşqə hücumundan sonra türk F-16 qırıcılarının bu şəhərə doğru uçmaları ilə bağlı iddiaları təkzib edib.

Teleqraf xəbər verir ki, nazirliyin sözçüsü Zəki Aktürk İsrail mediasının iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

"Təəssürat yaratmaq məqsədi daşıyan belə xəbərlərə ehtiyatla yanaşmaq lazımdır. Sözügedən xəbər həqiqətə uyğun deyil. Nazirliyimizlə əlaqə saxlayıb belə xəbərləri təsdiqləmək vacibdir.

Bizim prioritetimiz qonşumuz Suriyada davamlı təhlükəsizlik və sabitliyin təmin olunmasıdır. Bu çərçivədə Suriyanın müdafiə və təhlükəsizlik potensialını gücləndirmək üçün səylərimiz yeni administrasiya ilə sıx əməkdaşlıq və koordinasiya ilə davam edir", - nazirliyin rəsmisi bildirib.