
QƏBƏLƏ, 5 mart. TELEQRAF
”Bu gün həm də tarixi görüşün 30 illiyini qeyd edirik".
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “İdman paytaxtı” Qəbələdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, idman ictimaiyyətini, veteranları, Olimpiya çempionları və bütün federasiyaları "İdman Paytaxtı" Qəbələdə görmək sevindiricidir: “Ümummilli lider Heydər Əliyev 30 il öncə məhz bu gün beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb. O, hər zaman idmançılara dəstək olub. İlham Əliyevin isə 2005-ci il 4 mart tarixli Fərmanına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu möhtəşəm bayram hər il keçirilir. Dövlət tərəfindən ölkə idmanına hər zaman böyük diqqət və qayğı göstərilir. İdmançılarımızın bayramını təbrik edir və gələcək karyeralarında onlara yeni-yeni nailiyyətlər arzulayıram”.