BAKI, 16 noyabr. TELEQRAF

Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, milli komandadan ayrılması ilə bağlı vida məktubu yazıb.

“16 il. Bu 16 il ərzində milli komandaya əlimdən gələnin ən yaxşısını verdim. Bu müddətdə, yəqin ki, mümkün olan bütün hissləri yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşlarımla oynamaq fürsəti qazandım. Onların hamısına təşəkkür etmək istəyirəm.

Məni irəli aparan və komandaya fayda verməyim üçün mənə güvənən bütün məşqçilərə də minnətdaram. Bu, möhtəşəm bir yol idi və onun hər anından zövq aldım.

Belçikalı azarkeşlərə komandamıza göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Ölkəmi dörd dünya çempionatında və üç Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram.

Bu anları heç vaxt unutmayacağam. Milli komandada çıxışımı başa vurmaq qərarına gəlmişəm və ürəyim rahatdır. Bu, möhtəşəm idi. Mən minnətdaram. Təşəkkür edirəm”, – deyə Lukaku yazıb.

Qeyd edək ki, Romelu Lukaku Belçika millisində ilk dəfə 2010-cu il martın 3-də, 16 yaşında meydana çıxıb. O, yığmanın heyətində ümumilikdə 135 oyun keçirib və 94 qol vurub. Lukaku Belçika millisinin tarixində ən çox qol vuran futbolçudur. Bu göstəricidə onu 41 qolla Kevin De Bruyne izləyir.