BAKI, 16 noyabr. TELEQRAF

“Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) bu həftə Çində keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçiriləcəyi xəbəri təsdiqlənib. Bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Onlar liderlərin Çində müzakirə edəcəyi mövzuları müəyyənləşdiriblər. Liderlərin görüşündə müxtəlif mövzularla yanaşı, Rusiya-Ukrayna müharibəsinin və İran ətrafındakı gərginliyin müzakirə ediləcəyi proqnozlaşdırılır”.

Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Donald Tramp görüşdə Vladimir Putinin Ukrayna siyasətinin dəyişdirib-dəyişdirməyəcəyini müəyyənləşdirməyə çalışacaq:

“Rusiya Prezidentinin Ukrayna siyasətində dəyişikliyinə işarə edən heç nə yoxdur. Bunu Əbu-Dabi danışıqları da göstərdi. Tramp atəşkəs istəyir. Putin Donbasın hamısının ona təhvil verilməsi şərtilə atəşkəsə razılaşa biləcəyini vurğulayıb, üstəgəl, onun Avropada “yeni təhlükəsizlik arxitekturası”nın qurulmasıyla bağlı əlavə tələbləri də var. Halbuki Brüssel Avropanın yeni təhlükəsizlik arxitekrurasına ehtiyacı olmadığı qənaətindədir.

Vladimir Putin və Si Cinpin İran məsələsində də Donald Trampla razılaşa bilməyəcək. ABŞ kəşfiyyatının son məlumatına görə, İranın hazırda ballistik raketlərinin sayı 2 mini keçib. Tramp rusiyalı və çinli həmkarlarını Tehrana təzyiq göstərməyə inandırmağa çalışacaq. Ancaq Moskva və Pekinin Tehrana təzyiq etmək planları yoxdur, əksinə, Rusiya və Çin İranın ABŞ qarşısında müqavimət gücünün artırılmasında maraqlıdır. ABŞ rəsmilərinin sözlərinə görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə raket istehsalını davam etdirir. Bu komponentlərin isə Rusiya və Çindən əldə edildiyi ehtimalı yüksəkdir”.

Elxan Şahinoğlu vurğulayıb ki, Trampın Çindən digər istəyi bu ölkənin nüvə razılaşmalarına qoşulmasıdır:

“Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmasına görə, Rusiya 4400, ABŞ 3700, Çin 620 nüvə başlıqlı raketə malikdir. Soyuq müharibə illərində ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının müxtəlif növbləriə dair razılaşmalar mövcud olub. SSRİ dağıldıqdan sonra bu razılaşmalar Rusiyaya miras qalıb. Çin bu razılaşmalardan kənardadır. Vaşinqtonun istəyinə rəğmən, Pekin nüvə razılaşmalarına qoşulmaq istəmir. Bu, Çinə imkan verir ki, nüvə silahlarının istehsalını istədiyi qədər artırsın”.