BAKI, 16 noyabr. TELEQRAF

2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 1 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, vəsait 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək tapşırılıb.

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Prezidentin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi isə yeni Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.