BAKI, 16 noyabr. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubu Braziliya millisinin və “Korintians” klubunun futbolçusu Breno Bidonu transfer etmək istəyir.

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı yarımmüdafiəçini keçidi üçün yanvar ayında hərəkətə keçməyi planlaşdırır.

Braziliyalı oyunçunun xarici klublar üçün sərbəstqalma məbləği 100 milyon avro müəyyən edilib. Lakin “Korintians”ın Breno Bidonun transferindən 25-30 milyon avro qazanmağı gözlədiyi bildirilir.

“Fənərbağça”nın qapıçısı Edersonun da həmyerlisinin transferinə müsbət yanaşdığı qeyd olunur.

Qeyd edək ki, Breno Bidon cari mövsümdə “Korintians”ın heyətində 52 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu il dekabrın 31-dək qüvvədədir. Braziliya millisində 2 matçda meydana çıxan futbolçu 26 dəqiqə oynayıb.