BAKI, 15 noyabr. TELEQRAF
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İraq yığması ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Teleqraf xəbər verir ki, qarşılaşmalar hazırlığın ikinci mərhələsi çərçivəsində təşkil olunacaq.
İlk oyun noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək. Görüş saat 19:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Komandalar noyabrın 20-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər. Saat 16:00-da start götürəcək matçı “CBC Sport”un “YouTube” kanalı canlı təqdim edəcək.
Qeyd edək ki, noyabrın 9-dan Qəbələdə hazırlıq keçən U-20 millimiz ayın 16-dan etibarən təlim-məşq toplanışının ikinci mərhələsini Bakıda davam etdirəcək.