BAKI, 16 noyabr. TELEQRAF
İngiltərənin “Arsenal” klubu ulduz futbolçusu Deklan Raysla yeni müqavilə imzalamağa hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Klub 27 yaşlı yarımmüdafiəçisi ilə yeni müqavilə üzrə danışıqları yekunlaşdırmaq üzrədir. London təmsilçisi yaxın vaxtlarda razılaşmanın uzadıldığını rəsmən açıqlayacaq.
Hazırda Deklan Raysın “Arsenal”la müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir. Sənəddə anlaşmanın daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alır. Rays 2023-cü ilin yayından London klubunda çıxış edir.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlərdə 15 oyuna çıxıb və meydanda 1232 dəqiqə keçirib. O, bu göstəricidə komandanın ən çox oynayan futbolçularından biridir. Meydan oyunçuları arasında ondan daha çox vaxt keçirən yeganə futbolçu müdafiəçi Qabriel Maqalyaeşdir (1395 dəqiqə).