BAKI, 16 noyabr. TELEQRAF
İdxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin rəqəmsallaşdırılması məqsədilə “Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Əsasnamədə göstərilən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları və qurumları altı ay müddətində özlərinin sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi, eləcə də onların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görməlidirlər.
Bu tədbirlər idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin tam rəqəmsallaşdırılmasını nəzərdə tutur. Müvafiq inteqrasiya tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında həyata keçiriləcək.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.