BAKI, 20 iyun. TELEQRAF

Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Bakı Kristal Zalında keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, dövlət və hökumət nümayəndələri, media qurumlarının rəhbərləri, tanınmış idmançılar, ictimai nüfuzlu şəxslər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə parad təşkil edilib.

Olimpiadada ölkənin 59 şəhər və rayonunu təmsil edən 2000-dən çox məktəbli iştirak edir. Yarışlara qatılan məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.

İştirakçılar ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanında yarışacaqlar.

Olimpiadada ümumilikdə ölkəmizin 59 rayon və şəhərini 2000-dən çox məktəbli təmsil edəcək.

Olimpiadada iştirak edəcək məktəblilər Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tabeliyində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir.