BAKI, 20 iyun. TELEQRAF

Ukrayna ilə Polşa arasında gərginlik birmənalı qarşılanmır. Əslində Polşanın bu davranışı yersizdir. Görünən odur ki, Ukraynanın hərbi gücünün artması onu ciddi şəkildə narahat edir. Polşadan fərqli olaraq Ukrayna ordusunun hərbi təcrübə qazanması bu gərginlikdə vacib amil kimi önə çıxır.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

O qeyd edib ki, Ukrayna əslində indiki situasiyada Polşanı Rusiyanın təzyiqlərindən sığortalayır:

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi Polşa tərəfini ciddi narahat edib. Məhz bunun nəticəsində iki ölkə arasında böyük qalmaqal yaranıb. Buna cavab olaraq Polşa prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib. Ukrayna hökumətinin digər üzvləri isə Polşadan aldıqları ordenləri geri qaytarırlar. Sözsüz ki, bu yanaşmalar uzaqgörənlik əlaməti deyil”.

Rasim Musabəyova görə, iki ölkə arasında münasibətlər tamamilə pozulmasa da rəhbərliklər səviyyəsində rabitə qırılıb:

“Qalan məsələlərdə isə elə də ciddi problemlərin olacağı ehtimalı azdır. İndiki halda polşalılar Ukraynaya məzəmmət edirlər. İddia edirlər ki, siz Rusiyanın hücumuna məruz qalan zaman biz sizə qucaq açdıq və sair. Halbuki polşalılar bunu heç də Ukraynaya vurğun olduqlarına görə etmirdilər. Onlar anlayırdılar ki, Rusiya Ukraynanı özünə tabe edərsə, növbə Polşaya çatacaq”.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Polşa ilə Ukrayna arasında gərginliyin tarixi kökləri var:

“Vaxtilə Ukrayna ərazisi Polşaya tabe olub və bir müddət sonra bunun tam əksi baş verib. II Dünya müharibəsi zamanı Hitler Almaniyası keçmiş SSRİ ilə savaşarkən Ukrayna millətçiləri müstəqillik uğurunda Polşa ərazisində müəyyən döyüşlər aparıb və orada mülki şəxslər arasında ölənlər olub. Ona görə də iki ölkə arasında tarixdən qidalanan fikir ayrılıqları var.

Bu fonda Rusiya işğalçı müharibəyə başlayanda Polşa Avropa İttifaqının üzvü kimi Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu müharibə zamanı Ukraynanı milyonlara ailə tərk etdi ki, onların bir qismi elə Polşada sığınacaq tapdı. Ukraynalı ailələrin çoxu indi də Polşada yaşayır və işləyir. Amma keçmiş Ukrayna millətçilərinin qəhrəman statusu alması Polşada narahatlıqla qarşılanıb. Çünki II Dünya müharibəsi zamanı ukraynalı millətçilər Polşa ərazisində də mülki insanlara qarşı qətliamlar həyata keçiriblər. Kiyevin nlara qəhrəman statusu verməsi Polşanı ciddi şəkildə narahat edir”.

Politoloq bildirib ki, indiki halda Polşa Ukrayna məhsullarının Avropaya çıxarılmasına qarşıdır:

“Onlar Ukrayna kənd təsərrüfatı məhsullarının Avropa bazarına yol açması fonunda Polşa məhsullarının əldə qalacağını düşünürlər. Bu məsələdə də iki ölkə arasında fikir ayrılığı var. Halbuki bunu ortadan qaldırmaq mümkündür. Polşa anlamamış deyil ki, Ukrayna Rusiyaya məğlıub olsa və əraziləri işğal edilsə, gələcəkdə onlar da Kremlin hədəfində ola bilərlər. Bu mənada Polşa Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək məcburiyyətindədir”.

Elxan Şahinoğlu hesab edir ki, Ukrayna hakimiyyəti bu kimi məsələlərdə bir qədər həssas davranmalıdır:

“Müharibə aparan tərəf olaraq Ukrayna arxa cəbhəni möhkəmlətməli, Avropa Birliyi ölkələri ilə əlaqələri normal səviyyədə saxlamalıdır. Yəni, elə etmək lazımdır ki, gərginlik yaranmasın. Həssas qərarların qəbulu Ukrayna üçün əlavə problemlər yaradar. Ona görə də Ukrayna hakimiyyəti Polşa ilə siyasətini korrektə etməlidir.

Ukraynaya gələn yardımların çoxu Polşa üzərində gətirilir. Hətta Kiyevə rəsmi qonaqların böyük əksəriyyəti Polşadan qatarla gəlirlər. Bütün bunları nəzərə alaraq Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə bağlı siyasətini korrektə edəcək".

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi Polşa tərəfinin ciddi narahatlığına səbəb olub. Buna cavab olaraq Polşa prezidenti Karol Navrotski ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin ən ali dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.

Məsələnin kökləri isə II Dünya müharibəsi dövrünə, Volın hadisələrinə, Polşa milli yaddaşına və iki xalqın fərqli tarix təsəvvürünə dayanır.