BAKI, 20 iyun. TELEQRAF

“35 ildir peşəkar futboldayam. Adətən belə bir oyuna 50 matçdan birində rast gəlinir, amma bunun iki oyunda ardıcıl baş verməsi təəccüblüdür. İki matçda 65 zərbə vurmuşuq. Topa sahibolma faizindən isə heç danışmıram. Tale bizim tərəfimizdə deyildi. Futbolçularıma meydanda hər şeylərini ortaya qoyduqlarını və başlarını dik tutmalı olduqlarını dedim. Qismətdən o yana yol yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella DÇ-2026-nın qrup mərhələsində Paraqvaya qarşı keçirilən oyundan sonra deyib.

İtaliyalı mütəxəssis məğlubiyyətin üzücü olduğunu bildirib:

“Çox-çox üzgünəm. Türkiyə xalqının böyük gözləntiləri var idi. Bizim də gözləntilərimiz çox böyük idi. Mən həmişə futbolçularımızın nə qədər çalışqan və istəkli olduqlarına baxıram. Meydandakı ruhlarına və mübarizə əzmlərinə diqqət yetirirəm. Hamısında inanılmaz istək və həvəs var idi. Hər iki oyunda sonadək mübarizə apardılar. Mən onlara hər zaman dəstək olacağam. Heç kim məsuliyyətdən yayınmadı, hər kəs əlindən gələni etdi və mübarizə göstərdi. Təəssüf ki, bu dəfə alınmadı”.

Qeyd edək ki, hazırda 0 xalla D qrupunda sonuncu pillədə qərarlaşan Türkiyə millisinin qrupda qalacağı dəqiqləşib.