BAKI, 20 iyun. TELEQRAF

Qazaxıstan yanacaq çatışmazlığının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirəcək.

Teleqraf xəbər verir ki, Qazaxıstan Baş naziri Oljas Bektenov neft məhsulları bazarındakı mövcud vəziyyəti müzakirə etmək üçün müvafiq nazirliklərin və hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüş keçirib.

Hökumət bildirib ki, ölkənin benzin, dizel və aviasiya yanacağı ehtiyatları bir milyon tonu keçib, bu da istehlakçıların mövcud tələbatını tam ödəməyə imkan verir.

Rəsmilər neft məhsullarının qanunsuz şəkildə ölkədən çıxarılmasının qarşısının alınmasına çağırıblar. Energetika Nazirliyinin qüvvədə olan əmrinə əsasən, müəyyən növ neft məhsullarının avtomobil nəqliyyatı, yüngül distillatların isə dəmir yolu ilə Qazaxıstandan ixracına qadağa tətbiq edilib. Bundan əlavə, avtomobil nəqliyyatı vasitələrinin dövlət sərhədini sutka ərzində bir dəfədən çox keçməsinə məhdudiyyət qoyulub.

Oljas Bektenov vurğuladı ki, daxili bazarın sabitliyinin təmin edilməsi strateji əhəmiyyət kəsb edir.

Sərhəd nəzarətinin gücləndirilməsi və yanacaq çatışmazlığının qarşısının alınması və ölkənin ehtiyaclarının ödənilməsini təmin etmək üçün bütün tədbirlərin görülməsi barədə göstərişlər verilib. Sərhəd Xidmətinə Maliyyə Nazirliyi və Maliyyə Monitorinqi Agentliyi ilə birlikdə sərhəd nəzarətini gücləndirmək və bütün qanunsuz neft məhsulları qaçaqmalçılığı sxemlərinin aşkarlanmasını və qarşısının alınmasını təmin etmək tapşırılıb.